Moskva görüşü haqqında EKSPERT RƏYLƏRİ
Tarix: 12-01-2021, 17:28
Azərbaycan, Ermənistan və RF liderlərinin Dağlıq Qarabağ regionunda dəmiryolu və avtomobil kommunikasiyalarının bərpası haqqında razılaşmaların əldə edilməsi ilə nəticələnən Moskva görüşünün yekunları Bakıda siyasətçilər və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.
CivilAzerbaijan.com bildirir ki, deputat Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan cəmiyyətində Moskva görüşündən hansısa xoşagəlməz sürpriz gözlənilirdi. Amma Moskvada imzalanmış sənəd Azərbaycanın maraqlarına uyğundur. “Kommunikasiyaların açılması, dəmir yolunun bərpası və Naxçıvan və Azərbaycanın digər əraziləri arasında avtomobil yolunun salınması müsbət məqamlardır.
Ermənistan gələcək haqqında düşünürsə, onun Azərbaycan və Türkiyə ilə dinc şəraitdə yaşamaqdan başqa seçim yolu yoxdur. Dağlıq Qarabağın erməni icması Qarabağda yaşamağa davam edə bilər, amma onların başqa niyyəti varsa, düşünməsinlər ki, sülhməramlılar onların yerinə döyüşəcək”, deyə Rüstəmxanlı bildirib.
İqtisadçı Qubad İbadoğlu hesab edir ki, Moskva görüşü Rusiyanın öz maraqları olduğunu nümayiş etdirib. “Rusiya üçün ən çox nəqliyyat və infrastruktur maraq kəsb edir. O, həm mövcud, həm də yeni yaradılan infrastrukturu nəzarəti altına almağa çalışır. Onun üçün Azərbaycan və Ermənistan ərazisində layihələrdə üstün mövqe tutmaq vacibdir. Qarabağ bunun həyata keçirilməsi üçün alət olaraq qalır.
Bununla belə, o hesab edir ki, regionda müharibə ethimalı qalmaqdadır. “Münaqişə həll edilməmiş olaraq qalırsa, həmişə müharibə ehtimalı var. Hələlik sülh müqaviləsi yoxdur və tərəflər mövcud sazişdən razı deyillər”, deyə ekspert bildirib.
Bununla belə, yaxın gələcəkdə, çətin ki, müharibə başlasın, belə ki, Rusiya vəziyyətə nəzarət etmək iqtidarındadır. Amma zamanla Ermənistan güc yolu ilə həllə qayıda bilər, İbadoğlu belə hesab edir.
Rusiya tələsir, çünki Cənubi Qafqazda yeganə qüvvə olmaq istəyir. Bundan başqa, ABŞ-da artıq yeni prezident var və Moskva regiona yeni oyunçu buraxmamağa çalışır, deyə ekspert qeyd edib.
Politoloq Şahin Cəfərli hesab edir ki, Bakını təkcə Naxçıvana yol deyil, həm də Qarabağın ermənilərin nəzarəti altında qalan hissəsinə nəzarətin bərpa edilməsi maraqlandırır. Burada azərbaycanlıların Qarabağa qaytarılması; Qarabağdakı silahlı birləşmələrin taleyi; yerli hakimiyyət və onun liderləri haqqında məsələ; Rusiya sülhməramlılarının tərkibi və mandatı məsələsi; Ağdərə-Kəlbəcər yolunun açılması nəzərdə tutulur.
Bu məsələlərin ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə ediləcəyi və böyük sülh sazişinin predmeti olacağı istisna deyil, Cəfərli belə hesab edir.
Rusiyanın nəqliyyat kommunikasiyalarının bərpasında maraqlı olmasına toxunan politoloq qeyd edib ki, Ermənistanla etibarlı quru və dəmir yolu əlaqəsi Rusiyanın Ermənistanla hazırda Gürcüstandan keçən yeganə quru yolundan asılı olan ticarət əlaqələrini xeyli asanlaşdıracaq. Qışda “Hərbi-Gürcüstan” yolundan hərəkət çətinləşir və ya dayandırılır.
Bundan başqa, Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, bu da Rusiyanın Ermənistandakı hərbi bazasının vəziyyətini çətinləşdirir.
Daha bir problem ondadır ki, Ermənistanın Avrasiya İqtisadi İttfaqı ilə sərhədi yoxdur. Azərbaycandan marşrut açılması Ermənistanı Rusiya ilə birləşdirəcək. Gələcəkdə bu, Azərbaycanın Avrasiya İttifaqına daxil olması məsələsini asanlaşdıra və Bakını Qarabağda Rusiya hərbi bazasının yaradılmasına razılıq verməyə razılaşdıra bilər, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər