AXCP sədrinin cangüdəninə qarşı yeni ittiham irəli sürülüb
Tarix: 21-01-2021, 15:44
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin cangüdəni Niyaməddin Əhmədova qarşı yeni ittiham irəli sürülüb. Vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, o, CM-in 233-1.1.2-ci (mülki dövriyyədən çıxarılmış əşyaların qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, gəzdirilməsi və başqa şəxsə verilməsi və ya satılması) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, dəfələrlə və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.
CivilAzerbaijan.com bildirir ki, bu maddələrin hər biri üzrə N.Əhmədovu 8 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyə bilər. Öncə ona qarşı CM-in 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi üzrə ittiham irəli sürülmüşdü. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır.
Vəkil qeyd edib ki, həbsdən ötən 8 ay ərzində N.Əhmədovun ailə üzvləri ilə telefonla danışmasına icazə vermirlər. Müdafiə tərəfi Sabuinçi Rayon Məhkəməsinə şikayət verib, lakin məhkəmə qəbul etməyib. Apellyasiya Məhkəməsinə şikayət də əbəs olub.
Öz növbəsində AXCP-də bildiriblər ki, N.Əhmədov əvvəlki ittiham kimi yeni ittihamları da rədd edir, onları əsassız və absurd hesab edir.
"Belə metodlarla Əhmədovdan, AXCP və onun sədri Əli Kərimlidən intiqam almaq istəyirlər. 2019-cu ildə Milli Şuranın mitinqində N.Əhmədov lap əvvəldən saxlanana qədər Ə.Kərimlinin yanında olub. Ona görə də ondan intiqam alırlar. AXCP-yə və Əli Kərimliyə qarşı repressiya və intiqam siyasəti uzun illərdir davam edir", - AXCP-dən bildiriblər.
N.Əhmədovun atası Arif Əhmədov həbsdən sonra ilk dəfə, yanvarın 19-da oğlu ilə görüşüb. "Görüş yarım saat davam etdi. O dedi ki, Niyaməddin günahsız olduğunu və ittihamda yazılanların hamısının yalan olduğunu bildirdi. Biz bilirik ki, bu işin əvvəlində onu çox işgəncə ediblər, etmədiyi şeyləri etiraf etməsinə çalışıblar. Onlar cinayət işini saxtalaşdırıblar", - ata deyib.
Xatırladaq ki, 16 aprel 2020-ci ildə Xətai Rayon Məhkəməsi N.Əhmədovu karantini pozduğuna və polisə tabe olmadığına görə 30 sutka həbs etmişdi. Aprelin 28-də DİN-in inzibati həbs edilənlərinin saxlanma məntəqəsindən naməlum yerə aparılaraq orada amansız işgəncələrə məruz qalmışdı. Ondan Əli Kərimliyə qarşı ifadə verməyi tələb etmişdilər, amma o təslim olmamışdı. Buna görə də mayın 16-da CM-in 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb və yenidən həbs edilib. Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər