Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Tarix: 31-01-2021, 14:08
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 137-ci ildönümüdür.
CivilAzerbaijan.com bildirir ki, koronavirus pandemiyası səbəbindən bu il Məhəmməd Əmin Rəsulzadənin Bakımnın Novxanı kəndindəki abidəsi qarşısında kütləvi toplntılar keçirilmir. Bununla yanaşı çoxsaylı ictimaiyyət nümayəndələri, müxalif siyasi xadimlər onun abidəsi önünə gələrək ehtiramlarını bildirir.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
O, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanında dəfn edilib.
Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.
Rəsulzadə gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib və Rəsulzadə orada “İrane-nou” qəzetinin baş redaktoru olub. İranda məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər