İlham Əliyevin ictimai nəzarət barədə bəyanatına müxtəlif REAKSİYALAR
Tarix: 4-02-2021, 15:21
"Qarabağın azad edilməsi ilə hər kəs hiss etməlidir ki, dövlət idarəsində yeni yanaşma, yeni model yaranıb".
CivilAzerbaijan.com bildirir ki, bu barədə prezident İlham Əliyev fevralın 1-də AzTV-yə müsahibəsində bildirib.
Vətəndaşların narazılığına səbəb olan məmurların istənilən hərəkəti dövlət aparatına inamı azaldır və cəzasız qalmayacaq.
"Mənim səbrim tükənir və mən istəyirəm ki, bunu vətəndaşlar da, rəsmi şəxslər də bilsinlər", - İ.Əliyev qeyd edib və azad edilmiş ərazilərdə bərpa işlərinə ictimai nəzarətin zəruriliyini vurğulayıb.
"İctimai nəzarət olmadan eybəcər binalar tikiləcək, məmurlar torpaqları ələ keçirəcək və özlərinə obyektlər tikəcəklər", - İ. Əliyev bildirib.
Bu, prezidentin ictimaiyyət qarşısında ilk çıxışı deyil. Bu məsələ ilə bağlı vətəndaşlara mütəmadi olaraq müraciət edir.
Hələ 2018-ci ildə Maştağa qəsəbəsində müəllimlərlə görüşdə prezident qeyd etmişdi ki, "Azərbaycanda ictimai nəzarət gücləndirilməlidir". O deyib ki, ölkədə əvvəlki kimi bir çox problemlər mövcuddur.
"Bəzi hallarda informasiya ictimai nəzarət və ictimai fəaliyyət olmadan bizə çatmır", - o bildirib.
2019-cu ildə Nazirlər Kabinetinin iclasında da İlham Əliyev ictimai nəzarətin vacibliyi barədə danışıb.
İctimai nəzarət mexanizmi necə olmalıdır? Bu ictimai nəzarəti mümkün etmək üçün hansı addımlar atılmalıdır? İctimai nəzarəti həyata keçirənlərin səsləri eşidilirmi?
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli Turan-a bildirib ki, ictimai nəzarət zəif parlament ilə çox effektiv olmayacaq.
"Parlamenti gücləndirmək lazımdır. Həmçinin qeyri-hökumət təşkilatları var. Son illər onları çox sıxışdırıblar, bəzi fəallar həbs edilib, digərləri ölkədən qaçıb, bununla yanaşı, qanunvericilik də sərtləşib", - E.Qədirli bildirib.
Deputat hesab edir ki, güclü ictimai nəzarət üçün qanunları dəyişmək, vətəndaş cəmiyyətinə təzyiqləri aradan qaldırmaq, ölkədə münasibətləri liberallaşdırmaq lazımdır.
"Mətbuat azad olmalıdır. Köhnə struktur ləğv edildi (KİV-ə Dəstək Şurası), yenisi (Medianın İnkişafına Dəstək Agentliyi) yaradıldı. Bunun necə işləyəcəyini bilmirik.
Əgər media azadlığı olmasa, parlament də, vətəndaş cəmiyyəti də zəif olacaq. Yəni, onlar hamısı bir-biri ilə əlaqəlidir", - E.Qədirli qeyd edib.
Bütün bu məsələlərin həlli hakimiyyətin, konkret olaraq prezidentin siyasi iradəsindən asılıdır.
"Əvvəllər o bu barədə danışmadı. Amma əgər indi bu barədə açıq danışırsa, deməli, nəsə etməyə çalışır və ya bu barədə düşünürlər", - deputat vurğulayıb.
Onun fikrincə, islahatlar yeni reallıqlarla, o cümlədən azadlıq müharibəsində qələbə ilə şərtlənir.
“Qalib xalqı köhnə metodlarla idarə etmək çətin olacaq. Azad edilmiş ərazilərdə təkcə şəhərlər və kəndlər deyil, həm də ictimai münasibətlər yenidən yaradılmalıdır.
Prezident həmin ərazilərdə öz xüsusi nümayəndələrinin institutunu təsis edib. Bu o deməkdir ki, o, icra hakimiyyəti başçılarının köhnə sisteminə etibar etmir", - E.Qədirli qeyd edib.
Öz növbəsində ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, prezident son iki ildə ictimai nəzarət mövzusunu qaldırır və cəmiyyətdə belə bir təəssürat yaratmağa çalışırki, sanki ölkədə və öz komandasında baş verənlərdən xəbərdar deyil.
“Amma sonradan biz gördük ki, əslində bunlar müəyyən qədər bir imitasiyadır. 18 ilə yaxın hakimiyyətdə qalıb və onun böyük bir hissəsini eyni komanda ilə keçirən, ona rəhbər olan bir şəxs öz komandası daxilində nə baş verdiyini çox yaxşı görür. Əgər doğrudan da ona nəzarət, komanda daxilində və vətəndaş-məmur münasibəti ilə bağlı məlumat lazımdırsa onu öz strukturları, dövlət resursları vasitəsilə toplaya bilər”, - fəal qeyd edib.
B.Hacıyev hesab edir ki, bu, sadəcə, vətəndaşları sakitləşdirmək və özü haqqında pozitiv fikirləri yaratmaq üçün atılmış addımdır.
Onun fikrincə, həqiqətən də ictimai nəzarətlə bağlı addım atmaq istəyən şəxs ölkədə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının güclənməsinə təkan verməlidir, mətbuat azadlığına dəstək verməlidir. Həmçinin sərbəst şəkildə vətəndaşlarının maraqlarını təmsil edəcək parlamentin azad və ədalətli seçkilər vasitəsilə formalaşmasına icazə verməlidir, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər