Avropa Məhkəməsi Azərbaycanı cərimələdi: 282 MİN 850 AVRO

Xəbərin çap versiyası
Tarix: 18-02-2021, 16:28
Avropa Məhkəməsi Azərbaycanı cərimələdi:


"Fevralın 18-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarını elan edib".

CivilAzerbaijan.com bildirir ki, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.


X. Ağalıyev bildirib ki, məhkəmə hazırda azadlıqda olan NİDA-çılar Məmməd Əzizovun və Şahin Novruzlunun Azərbaycana qarşı işində AİHM iddia olunan pozuntuları tanıyıb: “Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti Məmməd Əzizova 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə, Şahin Novruzluya 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə. Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıydı. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər”.

Hər iki NİDA-çı 2013-cü ildə MTN tərəfindən həbs edilmişdi. 2014-cü ilin mayında Məmməd Əzizovun 7,5 il, Şahin Novruzlunun isə 6 il azadlıqdan məhrum edildi. Həmin hökmdən də AİHM-ə şikayət edilib, hazırda araşdırılır.

Hüquqşünas Avropa İnsan Haqları Məhkəməsinin mülkiyyət hüququ pozulan Fatma Qəniyeva və başqa 17 nəfərin işi haqda qərar verdiyini qeyd edib: “Bu işdə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. Məhkəmə ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 13 min avro təzminat (maddi zərərə görə – 10 min, mənəvi zərər əvəzi 3 min avro – cəmi 234 min avro) ödəməlidir. 2009-cu ildə göndərilən bu iş mülkiyyət hüququ ilə əlaqəli idi. Ərizəçilərin iddialarına görə, onların Sabunçu rayonundakı bağ sahələri əllərindən alınmış, mülkiyyətlərindən istifadələrinə imkan verilməmiş, zəbt edilmiş və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunmuşdu”.

X.Ağaliyev azadlıq və toxunulmazlıq hüququ pozulması səbəbindən İlqar Feyzova Azərbaycan hökumətinin 5350 avro (mənəvi zərərə əvəzi 4500 avro, xərc və məsrəflərə görə – 850 avro) təzminat ödəməli olduğunu bildirib. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarında deyilir: “İlqar Feyzov Azərbaycana qarşı işi hüquqi əsaslar olmadan tutulma, həbslə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ona görə də Feyzova azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirdi”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz