İsveçdə təhsil: öncə həyat, sonra elm - ŞƏLALƏ ƏBİL

Xəbərin çap versiyası
Tarix: 18-02-2021, 22:15
İsveçdə təhsil: öncə həyat, sonra elm -


Tanınmış yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.

CivilAzerbaijan.com
Şəlalə Əbilin İsveç təhsil sistemindən bəhs edən yazısını təqdim edir:

Köhnə sovet ölkələrindən, o cümlədən də Azərbaycandan İsveçə gələn adamlar, buradakı təhsil sistemi barədə dərin və əsaslı məlumatı olmadığı halda, ilkin təəssürat kimi, adətən, belə düşünürlər: “Bunların dərsləri nə asandır! Bizdə 4-5-ci siniflərdə olan materialları bunlar 7-8-ci siniflərdə keçirlər.”

Əslində, elmi baxımdan İsveç məktəblərində geridə qalan və əksik olan heç nə yoxdur. Asan görünən isə aşağı siniflərdə ağır elmi materialların əvəzinə uşaqlara həyati çətinliklərin öhdəsindən necə gələ bilməsi kimi daha vacib olan şeylərin öyrədilməsidir.

Azərbaycan təhsil sistemində bu kimi şeylər önəmsiz sayılır. Əsas məsələ oxumaqdır, daha çətin materiallar və həm də daha-daha çox çətin materiallar...

Təhsil dedikdə söhbət təkcə elmdən, bilikdən getmir. İsveçdə təhsil sisteminin məqsədi uşaqlara öz ayağı üstündə durmağı öyrətmək, öz haqlarını, hüquqlarını, vəzifələrini tanıtmaq, insani keyfiyyətləri aşılamaqdır.

Bir uşağın yalan danışmaq vərdişinin olmaması, heyvanları, təbiəti sevməsi, özünü hamıdan üstün (və yaxud əksik) hesab etməməsi, insanlarla ünsiyyət qura bilməsi, özgüvəninin olması, empati qura bilməsi, başqalarına yardım etməyi bacarması, haqsızlığa reaksiya verə bilməsi, ədalətsizliyə səssiz qalmaması, haqları tapdandanan zaman buna səsini çıxara bilməsi, sorğulamağı bacarması, əslində, onun alacağı elmi bilikdən qat-qat önəmli məsələlərdir.

İsveç təhsil sisteminin əsas məqsədlərindən biri də uşaqlara müstəqil olmağı bacarmalarını öyrətməkdir. 18-20 yaşından etibarən ailədən və evdən ayrıldıqları üçün buna hazır olmaları vacibdir. Çünki cinsiyyətindən asılı olmayaraq, bütün məişət qayğıları, yemək hazırlamaq, əyin-başını təmiz tutmaq, büdcəsinə nəzarət etmək və sair öz boyunlarına düşür.

Əgər gənc bu və ya digər səbəblərə görə evdən getmirsə, valideynləri ilə birgə yaşamağa davam edirsə, onda yaşadığı otağın pulunu ödəməli və yaxud evin büdcəsinə yardım etməlidir.

Bəs, bir gənc bunların öhdəsindən necə gəlir? Bunu bilmək üçün bir az da İsveçdə təhsil, uşaq və gənclərə olunanan maddi yardımdan danışmağım gərəkir.

Təhsilə altı yaşdan başlayırlar, 1-4 ibtidai, 5-9 orta, 10,11,12 ci siniflər isə gimnaziya adlanır. Ibtidai siniflərdə uşaqların stres keçirtməmələri üçün qiymətləndirmə yoxdur. Ali məktəblərə qəbul imtahanları da yoxdur, gimnaziyanı bitirdikləri vaxt aldıqları qiymətlərə uyğun istədikləri ali məktəbə yerləşib oxuya bilirlər.

Uşaqlara ayda 1250 kr (256 manat) uşaqpulu (barnbidrag) verilir. Əgər uşaq tək valideyn himayənsindədirsə, buna görə uşaq pulundan əlavə 11 yaşına qədər ayda 1573 kr (322 manat), 11 yaşından 15 yaşına qədər 1723 kr (353 manat), 15-dən 18 yaşına qədər isə 2073 kr (424 manat) pul (underhållsstöd) verilir.

Birinci sinfə gedən uşaqlara valideynin məktəb ləvazimatı (dəftər, qələm, pozan, rəngli qələm və s.) almasına ehtiyac yoxdur. Tələb olunan bütün materiallar onlara məktəbdə verilir. 7 ci sinifdən başlayaraq uşaqların hər birinə bir kampyuter (notebook) verilir və onlar dərslərini məktəbdə və evdə bu notebookdan istifadə edərək öyrənirlər. Dərslərin əksər hissəsi məktəbdə öyrədilir. Ev tapşırığı ya heç olmur, ya da çox az olur.

Gimnaziyanı bitirdikdən sonra, yuxarıda deyildiyi kimi gənclər adətən evdən ayrılırlar. Bəs, onların öz ayağı üstündə durmalarına kim yardım edir? Təbii ki, dövlət.

Tələbə təqaüdü 3312 kr (675manat)-dır. Amma əksər hallarda bu məbləğ, təbii ki, kifayət etmir. Tələbə borcu deyən bir şey var. Bu təqribən 7616 kr (1556 manat)-dır və hər bir öyrəncinin bundan yararlanmaq hüququ var. Tələbə təhsilini bitirib işə girəndən sonra həmin borc maaşından az-az tutulmaqla geri ödənilir. Həm tələbə təqaüdü, həm də tələbə borcu birlikdə evdən ayrılaraq oxumağa başlayan, ayağı üstə durmağa çalışan gənc üçün böyük yardımdır. Bu pulla o, tələbə evlərində otaq kirayələyib yaşaya bilər.

Çox vaxt gimnaziyani bitirən gənclər bir neçə il fasilə edib, sonra təhsillərini davam etdirməyə üstünlük verirlər. Çünki o yaşda gələcək peşəni seçmək bir qədər çətin ola bilir.

Gimnaziyanı bitirən gənclər fərqli işlərdə işləyə, bir az həyat təcrübəsi qazana, pulunu yığıb fərqli ölkələrə səyahət edə, necə deyərlər, azadlıqlarının kefini çıxara bilirlər. Qeyd edim ki, İsveçdə yaşlı tələbələrə rast gəlmək çox yayğındır.

Bir neçə il işləyib daha çox həyat təcrübəsi qazanandan sonra, artıq nə istədiyini dəqiqləşdirən gənc təhsilini davam etdirməyə qərar verir. Gimnaziyanı bitirib birbaşa təhsilini davam etdirənlər də az deyil.

Universiteti bitirən adamın iş tapma şansının olmaması ehtimalı çox düşükdür. Təhsilli mütəxəssislərə hər zaman ehtiyac var.
İş görüşməsinə gedən adamdan, “Nə qədər maaşla işə başlamaq istəyirsən?” deyə aylıq əmək haqqının miqdarı soruşulur. Adam istədiyi məbləği deyir və bu məbləğ işə götürənə uyğun gəlirsə, razılaşma əldə olunur. Amma dediyim kimi, əmək haqqının qədərini işə girmək istəyən adam özü təyin edir.

Bəlkə də hələ heç dişini belə düzgün şəkildə fırçalamağı bacarmayan bir uşaqdan birinci sinfə gedəndə imtahan verməsi tələb olunan, ali məktəbə daxil olmaq üçün 2-3 il müəllim yanında od qiymətinə xüsusi dərslər alması gərəkən bir sistemdə, çətinləşdirilmiş materiallar ilə stress içində əla qiymətlərlə təhsil alan gəncliyə yazıq!

İxtisasına uyğun bir yerdə ən azı on il işləyib, bu on ildə alacağı maaşın toplam miqdarını qabaqcadan rüşvət verərək işə girə bilmədiyi
üçün aciz halda hələ də valideynlərindən asılı vəziyyətdə gələcəyini görə bilməyən gəncliyə yazıq!

Bəs, sizcə, Azərbaycanda təhsildə dəyişiklik, yenilənmə nədən başlamalıdır?

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz