Bakıda siyasi məhbuslara dəstək aksiyasında jurnalistlərə qarşı POLİS ZORAKILIĞI

Xəbərin çap versiyası
Tarix: 19-02-2021, 15:54
Bakıda siyasi məhbuslara dəstək aksiyasında jurnalistlərə qarşı


Bir qrup qadın – siyasi məhbusların ailə üzvləri və müxalifət fəalları bu gün ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsini tələb ediblər və Qərb diplomatlarının diqqətini bu problemə cəlb etməyə çalışıblar.

CivilAzerbaijan.com
bildirir ki, aksiyada xüsusən Tərtər və Gəncə işləri üzrə həbs edilənlərin ailə üzvləri, həmçinin xeberman.com saytının təsisçisi Polad Aslanovun və Azel.tv saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları iştirak ediblər.

Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar yazılmış plakatlar, habelə onların portretlərini tutublar. Onlar Novruz bayramı ərəfəsində siyasi məhbusları əfv etməyi və daha sonra onlara bəraət verməyi tələb ediblər.

Aksiyanın başlamasından 10 dəqiqə sonra gələn polis dəstələri aksiyanın qarşısını alıblar, Sevinc Sadıqovanı və Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanı saxlayıb.

Turanın məlumatına görə, bu zaman polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Bəzi polislər reportyorların kameralarını əllərindən almağa çalışıblar, onlardan çəkiliş aparmamağı tələb ediblər, jurnalistlərin maskalarını çıxararaq onların özlərinin və vəsiqələrinin şəklini çəkiblər. Bu zaman polislər öz hərəkətləri barədə rəhbərliyə məruzə edir, onlardan göstəriş alırdılar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz