“Saleh Rüstəmliyə qarşı təxribat hazırlanır, ailə üzvləri ilə hədələnir”
Tarix: 29-03-2021, 13:22
Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yardım iddiasıyla 7 il 3 ay həbslə cəzalandırılan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin cəzaçəkmə müəssisəsində təhdid olunduğu bildirilir.
CivilAzerbaijan.com bildirir ki, Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov söyləyib ki, atası özü onlarla telefonla danışarkən təzyiqlərlə üzləşməsi haqda məlumat verib: “Bildirdi ki, ona qarşı təxribat hazırlanır. Ailə üzvləri ilə hədələnir”.
Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmovun bildirdiyinə görə, cəzaçəkmə müəssisəsindəki başqa məhkumlar vasitəsilə ona qarşı təxribat törədilməsi ehtimalı var: “Müəyyən məhbuslar var ki, onların vasitəsilə hazırlanmış planı həyata keçirə bilərlər. Həmin şəxslər qardaşımın haqqında həqiqətə uyğun olmayan məlumatlar yayır, qıcıqlandırmağa çalışır ki, son nəticədə o da dözməyib cavab versin, məsələ böyüsün, onu cəzalandırsınlar”.
Taleh Rüstəmov qardaşının intizamlı, mədəni adam olduğunu, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər məhkumlarla problem yaşamadığını da vurğulayıb.
Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmova və vəkili Bəhruz Bayramov onunla bağlı məlumatları yerində araşdırmaq məqsədilə 13 saylı cəzaçəkmə müəssisəsinə gedib. Lakin onları görüşə buraxmayıblar.
“Biz hər 15 gündən bir görüşə bilirik. Axırıncı görüşümüzdən 8 gün keçib. Mənə dedilər ki, növbəti görüşün vaxtına var, ona görə buraxmadılar”, - Yeganə Rüstəmova bildirib.
Vəkil Bəhruz Bayramova isə bazar günü olduğunu əsas gətirərək, müvəkkili ilə görüşə icazə verməyiblər. Amma vəkilin Saleh Rüstəmli ilə telefonla danışmasına şərait yaradıblar: “Saleh Rüstəmli bildirdi ki, bu barədə məlumatlar yayılandan sonra onu cəzaçəkmə müəssisəsinin rəisi qəbul edib, iki saatdan artıq söhbət ediblər. Rəisə şikayətini çatdırıb. Rəis deyib ki, deyilənlərin araşdırılması üçün göstəriş verəcək. Saleh Rüstəmlidən ona qarşı təhdidlər haqda soruşdum. Bildirdi ki, onunla əlaqə saxlayan, birlikdə çörək yediyi, ünsiyyət saxladığı adamlar arasında onun şəxsiyyətinə uyğun olmayan, aşağılayıcı məlumatlar yayırlar. Həbs yerlərində yazılmayan qaydalar var və bu cür söz-söhbətlər ona problem yaradır. Həm stress keçirir, həm təhdid olunur. Müəssisənin rəis müavini mənə də dedi ki, məsələdən xəbər tutandan sonra Saleh Rüstəmli ilə söhbət ediblər, məsələ araşdırılacaq”.
Vəkil əlavə edib ki, o, martın 31-də yenidən 13 saylı cəzaçəkmə müəssisəsinə gedib, müvəkkili ilə görüşməyə çalışacaq.
İş günü olmadığına görə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Bundan əvvəl bənzər iddialara cavab verən Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində saxlanılan məhdumlara onların kimliyinə görə ayrı-seçkilik edilmir. Bütün məhkumlarla qanuna uyğun şəkildə davranılır.
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Qarabağ döyüşçüsü Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, S.Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər AXCP-nin üzvü olub. 1998-ci ildən Rusiyada yaşayır. Orada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər