Qətllər, həbslər, işgəncələr: ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında HESABATI
Tarix: 31-03-2021, 12:10
"Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər, o cümlədən qanunsuz və əsassız qətllər, işgəncələr, şəxsi həyata zorakı müdaxilə, ölkə hüdudlarından kənarda siyasi motivli repressiyalar, ifadə azadlığının və mətbuat azadlığının məhdudlaşdırılması halları mövcuddur".
CivilAzerbaijan.com bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında deyilir.
Azərbaycanda baş verən əsas insan haqları pozuntuları hesabatda belə sıralanır: qanunsuz və özbaşına qətllər; qanunsuz saxlamalar; həbsxanalarda sərt, bəzən həyati təhlükə yaradan şərait; siyasi məhbuslar; gizlililiyə özbaşına müdaxilə; ölkədən kənarda yaşayanlara qarşı siyasi motivli qisasçılıq; məhkəmələrin müstəqilliyi sahəsində dərin problemlər; azad ifadə, mətbuat, internetə ağır məhdudiyyətlər, jurnalistlərə zorakılıq, böhtan və təhqirin kriminallaşdırılması; jurnalistlərin sual doğuran ittihamlarla təqibi və həbs olunması, vebsaytların bloklanması; hərəkət azadlığına məhdudiyyət; siyasi iştiraklılığa sərt məhdudiyyətlər; sistematik hökumət korrupsiyası, fərdlərə qarşı cinsi oriyentasiyaya əsaslanan qəddarlıq; uşaq əməyinin ən pis formaları.
“Bütün dünyada insan hüquqları sahəsində təmayül yanlış istiqamətdə inkişaf etməkdə davam edir”, deyə dövlət katibi Entoni Blinken “2020-ci il üçün insan hüquqlarına riayət olunması haqqında hesabat”ı təqdim edərkən reportyorlara bildirib.
O, Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və digər ölkələrdəki pozuntuları xüsusilə vurğulayıb, “Administrasiyanın sui-istifadələri üzə çıxarmaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün Konqreslə əməkdaşlığı davam etdirəcəyini” vəd edib.
Bu ilin hesabatlarında təxminən 200 ölkə və ərazinin təcrübəsi qiymətləndirilir. “Biz sui-istifadələrin qarşısını almaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün digər alətlərdən də istifadə edəcəyik”, deyə o, söz verib. “Və biz ölkələri insan hüquqlarına hörmət istiqamətində müsbət addımlar atmağa həvəsləndirməyin, məsələn, ticari imtiyazlar və inkişafa yönəlmiş yardımlar kimi yollarını tapacağıq”.
Onun sözlərinə görə, Bayden-Harris administrasiyası “bütün dünyada insan hüquqlarının müdafiəsi naminə hər şeyi riskə atan jurnalistlərə, hüquq müdafiəçilərinə, korrupsiyaya qarşı mübarizə fəallarına, həmkarlar ittifaqı təşkilatlarına və digər müdafiəçilərə dəstək səylərini artıracaq”.
“Biz jurnalistləri, fəalları və digər dissidentləri təqib edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əlavə alətlər yaratmışıq”, deyə o bildirib.
Turanın məlumatında qeyd olunur ki, Azərbaycana gəlincə, ABŞ-ın məruzəsində siyasi məhbuslar, korrupsiya, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər, jurnalistlərə qarşı zorakılıq, böhtanın kriminallaşdırılması, jurnalistlərin şübhəli ittihamlarla təqibi və həbsi və veb-saytların bloklanması kimi insan hüquqları sahəsindəki mühüm problemlər işıqlandırılır.
“Mayın 15-dən (2020) 19-u səhərə qədər Turan.az və onun filialı olan contact.az xəbər saytları kütləvi kiberhücuma məruz qalıb və iki dəfə bloklanıb. Hücum saytlarda hökumətin COVİD-19 pandemiyası ilə bağlı fəaliyyətinin tənqidi yer alan məqalələr dərc edildikdən sonra baş verib”, deyə hesabatda bildirilir.
“Azərbaycan hökuməti insan hüquqlarını pozan vəzifəli şəxslərin əksəriyyətini təqib etməyib və cəzalandırmayıb, onların cəzasızlığı problem olaraq qalıb”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər