Bakı Şəhər İcra Hakimiyyətində 2 milyon manat yeyinti
Tarix: 15-04-2021, 17:30
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb.
CivilAzerbaijan.com bildirir ki, audit 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib.
Sənəddə qeyd edilir ki, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 208, 263, 273 və 277 saylı körpələr evi-uşaq bağçalarının istiliklə təmin olunması mənzil-kommunal sistemi tərəfindən həyata keçirildiyi halda, 4 halda qeyd olunan körpələr evi-uşaq bağçalarının ştat cədvəllərində hər birində 0,5 ştat vahidi olmaqla, ümumilikdə 2 ştat vahidi ocaqçı ştatına görə il ərzində 4787,0 manat vəsait xərc edilib.
Audit nəticəsində məlum olub ki, müvafiq normativlərdə 1-6 yaş kateqoriyasındakı uşaqlara verilməsi nəzərdə tutulmayan 40880,5 manat dəyərində 3408,4 kq kakao məxaricə silinib, 01.01.2020-ci il tarixə olan 70,54 manat məbləğində qalıq isə 2020-ci ildə istifadə edilib. Qida normasının tələblərinə görə, kakao 7-17 yaşlı uşaqlar üçün, 1-6 yaş kateqoriyasındakı uşaqlara isə yalnız dənəvər qəhvə, qəhvə içkisinin verilməsi nəzərdə tutulub.
Bundan əlavə, Normalarda yaş qrupundan və müəssisədə qalma saatından asılı olaraq, cəmi verilməli çörəyin miqdarı "buğda çörəyi I növ” və "buğda çörəyi II növ” normasına uyğun verilməli olduğu halda, Normaların tələblərinə əməl edilməyərək, hər iki növ çörəyin əvəzinə yalnız "buğda çörəyi I növ” verilib, 2019-cu ilin yanvar-avqust ayları ərzində ümumilikdə 29129,3 manat məbləğində artıq xərcə yol verilib. Habelə məktəbəqədər təhsil müəssisələri və uşaq evləri üzrə qida rasionunda nəzərdə tutulmamış əlavə 3 adda (sümüksüz mal əti, banan və zeytun yağı üzrə) olmaqla, 715436,2 manat məbləğində ərzaq məhsullarının alışı həyata keçirilib.
Daimi içməli su ilə təmin edilməsinə baxmayaraq, Xəzər rayonunda yerləşən 2 və 213 saylı məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə 20% həcmində əlavə əməkhaqqı ödənilib.
İdarə tərəfindən məktəbəqədər uşaq müəssisələrinə (uşaq bağçalarına) cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, 2019-cu ildə 1 dəstinin qiyməti 47,0 manat olmaqla, ümumilikdə 39668 dəst və ya 1 864 396,0 manat dəyərində geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti xərc edilib. Sənəddə qeyd olunur ki, əvvəlki audit zamanı da eyni hal qeydə alınmışdı.
"Azərsu” ASC-yə istehlak olunmuş suya görə büdcə vəsaiti ödənildiyi halda, içməli su təminatına görə Suraxanı rayonu üzrə 331 nömrəli uşaq bağçasına 2800,0 manat, Xəzər rayonu 63 nömrəli uşaq bağçasına 70,0 manat, Xəzər rayonu 246 nömrəli uşaq bağçasına isə 3150,0 manat, ümumilikdə 6020,0 manat büdcə vəsaiti ödənilib. Auditlə əhatə olunan ildə məktəbəqədər təhsil müəssisələrində cari təmir işləri üzrə rəsmiləşdirilib, lakin yerinə yetirilməyən işlər (5 halda 9076,3 manat), eyni işə görə təkrar ödəniş (2 halda 8625,5 manat), abadlaşdırma xidmətlərinin göstərilməsi (9 halda 20971,5 manat) adı ilə ümumilikdə 38673,3 manat məbləğində artıq vəsait xərc edilib. Malların (işlərin və xidmətlərin) satınalınmasının ehtimal olunan qiymətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq üsullardan istifadə olunmadan müəyyənləşdirilərək malların alışı zamanı 350000,0 manat məbləğində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən auditin nəticələri üzrə akar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İşçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq ödənilmiş 5453,0 manat, 1- 6 yaş kateqoriyasındakı uşaqlara dənəvər qəhvə əvəzinə verilmiş kakaoya görə ödənilmiş 40951,0 manat, çörəyin növləri arasında (I növ və II növ) qiymət fərqi üzrə 29129,3 manat, işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə düzgün olmayaraq ödənilmiş 29207,4 manat (o cümlədən 2020-ci il ərzində 13210,2 manat), istehlak olunmuş suya görə podratçıya artıq ödənilmiş 6020,0 manat, cari təmir, kommunal və kommunikasiya, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə artıq ödənilmiş ümumilikdə 38673,31 manat, müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi üzrə gecikdirilmiş günlər üçün hesablanmış cərimə məbləği üzrə 3440,0 manat, 1995-2011-ci illərdə ərzaq məhsullarının alınmasına görə yaranmış 9021,46 manat və Yasamal Qaz İdarəsi üzrə təbii qazın alınmasına görə yaranmış 144,96 manat debitor borc məbləği, malların orta bazar qiymətindən baha alınması hesabına artıq ödənilmiş 350000,0 manat, ümumilikdə 512040,4 manat məbləğində vəsait büdcəyə bərpa edilib.
Modern.az-ın məlumatına görə, eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş nümunəvi ştat normaları intizamına əməl edilməyərək körpələr evi-uşaq bağçalarının artıq saxlanılmış 2 ştat vahidi ocaqçı ştatının ləğv edilməsinin təmin edilməsi, 01.01.2020-ci il tarixə yaranmış 3 902 404,9 manat məbləğində debitor borc məbləğinin, 872 600,85 manat kreditor borcun bağlanmasının təmin edilməsi tapşırılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər