İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? - ARAŞDIRMA

Xəbərin çap versiyası
Tarix: 4-06-2021, 11:57
İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Sanator Kurort Reabilitasiya Mərkəzi 2021-ci ilin may ayının 3-də "Su haqqının ödənilməsi (İçməli suyun daşınması)" lotu üzrə satınalmaya yekun vurub. Keçirilən tenderin məbləği 113.800 manat, tenderin qalibi isə "TRENİKS QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elan edilib.

Qlobal.az xəbər verir ki, Sanator Kurort Reabilitasiya Mərkəzinin "Su haqqının ödənilməsi (İçməli suyun daşınması)" lotu üzrə sifarişçi olduğu tender müqaviləsinin şərtlərinə görə qalib olan şirkət Mərkəzi cari ilin sonuna qədər 23.958 ton içməli su ilə təmin etməlidir.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Mərkəzin qalib elan etdiyi "TRENİKS QRUP" MMC 2021-ci ilin yanvar ayının 7-də təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə 154, mənzil 25, qanuni təmsilçisi isə Rəhimov Yaqub Firudin oğludur.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


"TRENİKS QRUP" MMC-nin nizamnamə kapitalı 5 manatdır. Bu şirkətin maddi-texniki bazası, işçi qüvvəsi, satınalmalarda iştirak etmək üçün sahib olduğu sertifikat və lisenziyalar barəsində heç bir məlumat verilmir. Həmçinin şirkətin nə əlaqə telefonu, nə də faktiki ünvanı haqqında da bilgi yoxdur.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Belə olan təqdirdə Sanator Kurort Reabilitasiya Mərkəzinin "TRENİKS QRUP" MMC-ni hansı meyarlara əsasən 113.800 manatlıq tenderin qalibi elan etməsi ciddi suallar ortaya çıxarır.

Sanator Kurort Reabilitasiya Mərkəzinin 2020-ci ildə sifarişçi olduğu satınalmalar üzərində apardığımız səthi araşdırma ortaya çox maraqlı mənzərə çıxarır...

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -

Teymur Musayev, Səhiyyə Nazirinin səlahiyyətlərinin icraçısı

Sanator Kurort Reabilitasiya Mərkəzi yuxarıda da vurğuladığımız kimi çoxşaxəli sahələr üzrə satınalmalar həyata keçirir. Mərkəzin 2020-ci ildə həyata keçirdiyi bu satınalmaların bəziləri üzərində araşdırma aparacağıq. Nədənsə Mərkəzin ötən il qalib elan edərək müqavilə bağladığı şirkətlərin hamısının "taleyi oxşardır". Belə ki, bu şirkətlərin bəzilərinin hüquqi ünvanı eyni, nizamnamə kapitalları 2-3 manat, vergi borcları isə xirtdəyəcən...

Məsələn, Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin mart ayının 30-da "Abadlaşdırma və yaşıllaşdırma xidməti" lotu üzrə satınalmaya yekun vurub. Satınalmanın qalibi "ÇİÇİ LTD" MMC elan edilib. "ÇİÇİ LTD" MMC-nin hüquqi ünvanı Quba rayonunun Amsar kəndi, nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Kərimov Əli Bayram oğludur. Fəaliyyət profili haqqında heç bir məlumat olmayan "Çiçi LTD" MMC-nın hazırda dövlətə 1705 manat borcu var.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Mərkəz 2020-ci ilin aprel ayının 24-də daha bir satınalmaya yekun vurub. "Mətbəə mallarının satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləği 42.510 manat təşkil edib. Satınalmanın qalibi "ALPAN CO LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "ALPAN CO LTD" MMC-nin hüquqi ünvanı isə çox maraqlıdır. Belə ki, bu şirkətin hüquqi ünvanı Mərkəzin 3 gün öncə qalib elan etdiyi digər şirkətin "Çiçi LTD" MMC-nin hüquqi ünvanı ilə eynidir-Quba rayonu, Amsar kəndi. 10 manat nizamnamə kapitalı olan, fəaliyyət profili haqqında heç bir məlumat olmayan "ALPAN CO LTD" MMC-nin hazırda dövlətə 1674 manat vergi borcu var.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Əlbəttə bu son deyil. Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin oktyabr ayının 1-də "Digər malların alınması (mətbəx və yeməkxana ləvazimatları)" lotu üzrə daha bir satınalmaya yekun vurub. Smetası 27.000 manat olan bu satınalmanın qalibi "TERIMA" MMC elan edilib. Nizamnamə kapitalı 2 manat olan "TERIMA" MMC-nin hüquqi ünvanı sizcə hara olsa yaxşıdır? Quba rayonunun Çiçi kəndi. Şirkətin qanuni təmsilçisi isə Həsənova Xumar Bəsdi qızıdır. Bu şirkətin dövlətə vergi borcu isə 1655 manatdır.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Sanator Kurort Reabilitasiya Mərkəzi 2020-ci ilin avqust ayının 8-də "Tədbirlərin keçirilməsi və guşələrin yaradılması" lotu üzrə daha bir satınalma keçirib. Bu satınalmanın məbləği 43.985 manat, qalibi isə "DALĞA LTD-2017" MMC elan edilib. "DALĞA LTD-2017" MMC-nin nizamnamə kapitalı 2 manat, hüquqi ünvanı Xaçmaz rayonu, Şıxhaput kəndi, qanuni təmsilçisi isə Ələkbərov Vahəddin Aydın oğludur. Reabilitasiya Mərkəzinə 2020-ci ildə "guşə" yaradan "DALĞA LTD-2017" MMC-nin hazırda vergi borcu 1895 manatdır.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Reabilitasiya Mərkəzi 2020-ci ildə həyata keçiridiyi daha bir satınalma isə fantastikdir. Belə ki, "Dəftərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə Mərkəzin sifariş etdiyi satınalmanın məbləği 99.695 manat, satınalmanın qalibi isə "RENAT-55" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Nizamnamə kapitalı 10 manat olan "RENAT-55" MMC-nin qanuni təmsilçisi Süleymanlı Aydın Zahir oğludur. "RENAT-55" MMC-nin qalib elan edildiyi tenderin məbləği mahiyyətinə görə fantastik olduğu kimi, vergi borcu da Mərkəzin qaıib elan etdiyi digər şirkətlərin vergi borcları ilə müqayisədə fantastikdir - 10.671 manat.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Mərkəz 2020-ci ildə də "içməli suyun satınalınması" lotu üzrə satınalma həyata keçirib. Satınalmanın məbləği 119.746 manat, qalibi isə "SAFIRA-GALLERY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Nizamnamə kapitalı 10 manat olan "SAFIRA-GALLERY" MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Əhməd Cavad ev 35A, qanuni təmsilçisi isə Məmmədli Rauf İlqar oğludur. 2019-cu ilin noyabr ayında təsis edilən "SAFIRA-GALLERY" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət profili barədə məlumat yoxdur. Şirkətin hazırda dövlətə vergi borcu 8590 manat təşkil edir.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -


Sanator Kurort Reabilitasiya Mərkəzi və Səhiyyə Nazirliyi qeyd edilən satınalmalardakı göstərilən məqamlara münasibət bildirmədi.

İnsanların, yoxsa saxta şirkətlərin Reabilitasiya Mərkəzi? -

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

Qlobal.az-ın Hesablama Palatasına son bir ildə Sanator Kurort Reabilitasiya Mərkəzində audit aparıb-aparmamaları barədə ünvanladığı suala isə, Palatanın İnformasiya azadlığı üzrə məsul şəxsi Vüqar İbrahimov 2020-2021-ci illərdə Hesablama Palatası tərəfindən Sanator Kurort Reabilitasiya Mərkəzinin (Publik Hüquqi şəxs) təsərrüfat fəaliyyəti ilə bağlı audit tədbiri aparmadıqlarını bildirdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz