Kəlbəcərdə iki jurnalist minaya düşərək həlak olub - VİDEO
Tarix: 4-06-2021, 14:43
Bu gün Kəlbəcər rayonunda avtomobilin tank əleyhinə minaya düşərək partlaması nəticəsində iki jurnalist həlak olub və bir neçə nəfər yaralanıb. Həlak olanlar AzərTAC Agentliyinin müxbiri Məhərrəm İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovdur.
CivilAzerbaijan.com bildirir ki, Müdafiə Nazirliyi və Baş Prokurorluq məlumatı təsdiqləyiblər.
AzTV- nin məlumatına görə, jurnalistlər Susuzluq kəndinə gedirmişlər.
Habelə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin minaya düşərək yaralanan müavini Arif Əliyev də vəfat edib.
Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun iyunun 4-də yaydığı məlumatda bildirilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərini minalayaraq vətəndaşlara qarşı cinayət əməllərini davam etdirir:
"Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər".
Qeyd edək ki, bu, İkinci Qarabağ Müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk haldır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər