Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb

Xəbərin çap versiyası
Tarix: 15-06-2021, 19:27
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb


"Azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə iki ölkənin gələcək işbirliyinin istiqamətini göstərir".

CivilAzerbaijan.com
bildirir ki, bunu prezident İlham Əliyev iyunun 15-də Şuşa şəhərində Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bəyannamədə bir çox önəmli məsələlər əksini tapır.

"Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti - demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyi, Cənub Qaz dəhlizinin önəmi Türkiyə, Azərbaycan, Avropa üçün göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işbirliyi və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə əksini tapır. Bu, tarixi nailiyyətdir".

Erdoğan: "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür"

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan mətbuat konfransında Qarabağı yenidən ayağa qaldıracaq fəaliyyətləri yaxından izlədiyini bildirib.

“Şuşaya gələrkən aparılan işləri gördük, gördünüz. İnfrastrukturla bağlı gərgin iş gedir. Bir tərəfdən yollar salınır, bir tərəfdən elektrik stansiyaları açılır, bir tərəfdən yüksək gərginlikli xətlər çəkilir. Bütün bunlarla bərabər susuz olan bu bölgələr suya qovuşur. Bütün bu işlər hazırda sürətlə davam edir və İnşallah, bölgə qısa vaxtda hava limanlarına da qovuşacaq".

Erdoğan qeyd edib ki, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və bölgə turizmdə də ciddi sıçrayışa nail olacaq.

“Qarabağ təkrar keçmiş şöhrətinə qovuşacaq, buna heç bir şübhəm yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd kimi Qarabağın qədim yaşayış məskənlərinin təkrar inkişaf etdiyi günləri yaxında birlikdə görəcəyik”.

Erdoğan bildirib ki, Türkiyə Qarabağın yenidən qurulması prosesində Azərbaycana hər cür dəstək verir və verməkdə davam edəcək.

Texnologiya transferi

Türkiyə prezidenti həmçinin deyib ki, pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün səylər qətiyyətlə davam etdirilir.

Onun sözlərinə görə, bütün bunlardan başqa müdafiə sənayesi sahəsində iki ölkə arasında əlaqələr texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiriləcək.

44 günlük Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib ki, müdafiə sənayesi sahəsində əlaqələr bundan sonra daha fərqli şəkildə inkişaf edəcək.

"Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".

***

Azadlıq Radiosunun məlumatına görə Türkiyə Respublikası Şuşada konsulluq açacaq.

Bu haqda Türkiyə Prezidenti Recep Tayyip Erdoğan mətbuat konfransında bəyan edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz