AHİM-in Azərbaycanla bağlı qərarlarının icrasına nəzarət üzrə İNFORMASİYA ARAYIŞI
Tarix: 26-06-2021, 13:50
Avropa Şurası ölkələr üzrə yeni informasiya arayışları seriyasını dərc edib.
CivilAzerbaijan.com bildirir ki, bu arayışlarda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının hər bir üzv dövlət tərəfindən yerinə yetirilməsi barədə məlumat verilir.
"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi Avropada dünyada analoqu olmayan beynəlxalq insan hüquqlarının müdafiəsi sisteminin uğuru üçün həlledici əhəmiyyətə malikdir", - Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bildirib.
Son on ilin hər biri üçün ölkələr üzrə informasiya arayışları yeni işlərin, tamamlanmamış işlərin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının üzv dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarətə görə cavabdeh olan Avropa Şurası Nazirlər Komitəsi tərəfindən bağlanmış işlərin sayını göstərir.
Rəqəmlər adətən yeni struktur və ya sistemli problemləri ayıran "aparıcı" işlərin sayına və Avropa İnsan Hüquqları Məhkəməsinin artıq müəyyənləşdirdiyi problemlərə diqqət yetirməklə təkrarlanan işlərə görə bölünüb, bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.
Məlumat 2011-ci ildən 14 iyun 2021-ci ilə qədər olan dövrü əhatə edir.
Sənədin Azərbaycanla bağlı bölməsində bildirilir ki, indiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 300-dək qərarı icra mərhələsinə daxil olub. 2011-ci ildən bəri ümumilikdə, 41 belə qərarın icrasına nəzarət qapadılmış elan edilib. 2012-ci ildə 1, 2018-ci ildə 18, 2019-cu ildə 16, 2020-ci ildə isə 6 qərarın icrasına nəzarət qapadılıb. İcrası başa çatan işlərdən 5-i “aparıcı”, 36-ı isə “təkrarlanan” işlər olub.
Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının 248-nin icrasına nəzarət davam etdirilir. İcrası yubanan belə qərarların 202-i “təkrarlanan”, 46-ı isə “aparıcı” qərarlardır.
İllər üzrə göstricilərdə icrası yubanan qərarların sayında artım tempi müşahidə olunur. İcrası yubanan təkraralanan qərarların sayı 2011-ci ildə 22, 2012-ci ildə 38, 2013-cü ildə 48, 2014-cü ildə 72, 2015-ci ildə 102, 2016-cı ildə 115, 2017-ci ildə 143, 2018-ci ildə 131, 2019-cı ildə 155, 2020-ci ildə 190, 2021-ci ildə isə 202 olub.
Qeyd edilənlərdən başqa 2021-ci ildə 11 yeni qərar icra mərhələsinə daxil edilib.
Turanını məlumatına görə, qonşu Gürcüstanda son 10 ildə 150-yə yaxın qərar icra mərhələsinə daxil olub. Gürcüstan hökuməti həmin qərarların 85-ni tam icra edib. Ermənistanda isə 140 işdən 84-ü tam icra edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər