Tarif Şurası dərmanı da bahalaşdırdı

Xəbərin çap versiyası
Tarix: 1-07-2021, 13:32
Tarif Şurası dərmanı da bahalaşdırdı


Tarif (qiymət) Şurası iyunun 30-da yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib.

CivilAzerbaijan.com
bildirir ki, qərara görə, dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyəminmə tarixi təsdiq edilən 12 689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Meydan TV-nin məlumatına görə, iqtisadçı Samir Əliyev deyir ki, hökumətin əhaliyə növbəti "töhfəsi" dərmanları bahalaşdırması ilə bağlıdır. İqtisadçı bildirir ki, normalda dərmanların qiymətinin artırılması dövrü olaraq aparılır. Dövlət il ərzində bir neçə dəfə qeydiyyata alınan dərmanların siyahısına dəyişiklik edir, yeni dərmanlar əlavə edir, bəzilərini bahalaşdırır:

“Son dəfə bu ilin yanvarın bahalaşma olmuşdu. Tarif Şurasının dünənki - "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 12442-dən 12689-a qaldırılıb. Yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda, dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır”.

Tarif Şurası dərmanı da bahalaşdırdı

Samir Əliyev

Samir Əliyev deyir ki, aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazar qiymətinə sata bilsinlər. Məsələn, Ukraynanın “Farmak İSC” şirkətinin istehsalı olan “Deksametazon” dərmanının qiyməti tənzimləndiyi halda həmin ölkənin “Zdorovye” Əczaçılıq Şirkəti MMC-nin istehsalı olan eyniadlı dərmanın adı siyahıda yox idi. Bu isə sahibkara ikincinin istehsalı olan dərmanı sərbəst bazar qiymətinə satmaq hüququ verirdi:

“İndi isə artıq, bu, mümkün olmayacaq. Deməli, sahibkarlar adı siyahıda olmayan digər şirkətlərin axtarışında olacaqlar. Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb. Bahalaşma dərmanın çeşidi üzrə 10-40 faiz aralığında olub. Məsələn, Ukrayna istehsalı olan “Kalsium Qlukonat” dərmanı 37 faiz (1,82 AZN-dən 2,5 AZN-ə), Türkiyə istehsalı olan 1000 mq-lıq “Avipim” 10 faiz (12,6 AZN-dən 13,8 AZN-ə), 500 mq-lıq 20 faiz (8,24 AZN-dən 9,9 AZN-ə) bahalaşıb:

“Siyahıda olan 12689 dərmanın cəmisi 68-i (0,5 faizi) yerli istehsaldır. Yerdə qalanları idxal olunur. Bu o deməkdir ki, bu dərmanların qiyməti milli valyuta olan manatın məzənnəsindən birbaşa asılıdır. Onların qiymətinin xırda bahalaşmaları nəzərə almasaq, sabitliyi manatın indiki məzənnəsinə görədir. Gələcəkdə manatın ucuzlaşması bu dərmanları qiymətinin dəyişməsinə və bahalaşmasına gətirib çıxara bilər”.

İqtisadçı bildirir ki, ilk gündən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin əleyhinə olub. İlk dövrdə qiymətlərin ucuz olması əhalinin xüsusən də kasıb təbəqəsi üçün əlçatan olsa da, effekt qısamüddətlidir:

“Çünki hökumət qiymətləri uzun müddət indiki həddə saxlaya bilməyəcək. Mövcud mexanizm bazarda dərmanların qıtlaşmasına (piştaxta altından satışına), keyfiyyətsiz dərmanların idxalına səbəb olur. Ona görə də hökumət dərmanların qiymətini liberallaşdırmalıdır. Ancaq bunun üçün dərman bazarını inhisardan azad etməli, dərmanların idxalına gömrük-vergi güzəştləri verməlidir”.

Qeyd edək ki, Tarif (Qiymət) Şurasının dünənki iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə əsasən təbii qazın qiyməti artırılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz