Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb

Xəbərin çap versiyası
Tarix: 8-07-2021, 14:31
Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb


"Gəncə işi" üzrə məhkəmə prosesi iyulun 15-də davam edəcək.

CivilAzerbaijan.com
bildirir ki, vəkil Cavad Cavadovun məlumatına görə, bu iş üzrə zərərçəkmiş, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı məhkəmə-tibbi ekspertizanın nəticələri məlum olub.

"Sui-qəsd nəticəsində Vəliyevdə psixi pozuntular yaranıb və o, məhkəmədə dindirilə bilməz, bu, onun vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər", - Cavadov deyib.

Gəncənin keçmiş merinin anlaqlı vəziyyətdə olduğunu müəyyən etmək üçün tibbi ekspertiza mayın 25-nə təyin edilib. Hakim bu qərarı qəbul etməklə müttəhimlərdən biri, Cəfər Zalovun vəkilinin vəsatətini təmin edib.

Vəkil deyib ki, E.Vəliyevin zərərçəkmiş kimi tanınmasına baxmayaraq, o, ətraflı dindirilməyib. Sonradan sağlamlıq problemləri bəhanəsilə dindirməyiblər.

Digər vəkillər və müttəhimlər vəsatəti dəstəkləyiblər, prokuror isə etiraz etməyib. Buna görə də ekspertizanın nəticələri açıqlanana qədər proses təxirə salınıb.

Turanın məlumatına görə, 3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz