Bakıda polis bölməsinin rəisi iş otağında özünü güllələyib - RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 9-07-2021, 13:26
Bakıda polis bölməsinin rəisi iş otağında özünü güllələyib -


Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin intihar etdiyi bildirilir.

CivilAzerbaijan.com
bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, o, bu gün - iyulun 9-da səhər saatlarında xidməti otağında xidməti silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hələlik Rahib Mirzəyevin nə səbəbə intihar etməsi ilə bağlı açıqlama verilməyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, iyulun 9-da saat 11-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürüb.

Bildirilir ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Rahib Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Daha öncə, iyunun 21-də isə Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahı ilə özünü öldürmüşdü.

DİN-dən bildirmişdilər ki, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

DİN ilkin açıqlamada hadisə ilə bağlı araşdırma apardıqlarını bildirmişdi, ancaq soradan araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmadı.

Ondan əvvəl isə Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanov tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı öldürmüşdü. DİN bu barədə məlumat yayaraq bildirmişdi ki, Həsən Osmanov daha sonra intihara cəhd edib.

Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünürdü: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsən Osmanov bir neçə gün sonra ölmüşdü.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz