Tofiq Yaqubluya anasının dəfnində iştirak etmək üçün Gürcüstana getməyə icazə verilmir
Tarix: 12-07-2021, 14:24
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunu anası Hürimələk Yaqublunun yasına buraxmayıblar. Eyni zamanda, Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da hava limanından geri qaytarılıb.
CivilAzerbaijan.com bildirir ki, bu barədə açıqlama verən Tofiq Yaqublu söyləyib ki, o, məhkəməsi başa çatmadığından ev dustaqlığındadır, ona görə ölkəni tərk edə bilməz.
O, iyunun 30-da anasının vəziyyəti ağırlaşanda məhkəməyə müraciət etdiyini deyib: “Ancaq heç bir hərəkətlilik olmadı, müraciətimə baxılmadı. Vəkilim Elçin Sadıqovun elektron qaydada ombudsman Səbinə Əliyevaya və digər müvafiq orqanlara müraciət edib”.
Meydan TV-yə danışan Tofiq Yaqublu oğlunun hava limanından geri qaytarılmasını müvafiq dövlət orqanlarının səhlənkarlığı adlandırıb: “Rəhimi isə çox absurd şəkildə hava limanından geri qaytardılar, bileti də “yandı”. Rəhim hərbidən gələndən sonra ona qoyulan ölkədən çıxış qadağası götürülməliydi, amma səhlənkarlıq edib götürməyiblər. Biz bununla bağlı məhkəməyə şikayət edəcəyik. Çünki Rəhim hərbidən qayıdan günün səhəri hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə getdi. Orada ona deyiblər ki, hərbi biletində silahını təhvil verməyin haqqında müvafiq qeyd və möhür yoxdur, ona görə də səni qeydiyyata ala bilmərik. Növbəti gün Rəhimlə birlikdə yenidən xidmətin Suraxanı Rayon Şöbəsində olduq. Qeydiyyat məsələsinə baxan xanım bir gün əvvəl Rəhimə dediklərini mənə də təkrarladı. Bildirdi ki, hərbi bileti hərbi hissəyə göndərəcəyik, amma bu, xeyli uzun çəkəcək, yaxşısı budur, özünüz hərbi hissəyə gedib problemi həll edəsiniz. Məcbur qalıb xidmət rəisinin özü ilə görüşdüm. Ona izah etdim ki, Rəhimin hərbi biletində hansı döyüşlərdə iştirak etdiyi və tərxis olunduğu haqda qeyd və möhür var. Orada nəsə yazılmayıbsa, bu, onun məsuliyyəti deyil və bu haqda onun təsəvvürü də ola bilməzdi, digər tərəfdən silahını təhvil verməmiş əsgəri tərxis etməzdilər. Xidmət rəisi sanki başa düşdü və məsələdən çıxış yolu kimi Rəhimin izahat yazmasını istədi, o da olduğu kimi yazdı. Dedim ki, Rəhim ağır vəziyyətdə olan nənəsini görmək üçün təyyarə ilə Gürcüstana gedəcək, artıq bileti də alınıb və buna görə çağrışçılar üçün nəzərdə tutulmiş "STOP"u sistemdən götürmək lazımdır. O da məni arxayın etdi ki, "STOP"u sildirəcək və ölkədən çıxışı üçün heç bir problemi olmayacaq. Ancaq görün hansı mənzərə yarandı. İyulun 12-də səhər hava limanına gəldik və artıq Rəhim nənəsi ilə görüşməyə yox, onun dəfninə gedirdi. Biletini qeydiyyatdan keçirdi, baqajını təhvil verdi, lakin pasport-nəzarət məntəqəsində onu dayandırdılar. Bildirdilər ki, "STOP"u var. Nə qədər israr və izah etsə də, xeyri olmadı və geri qaytardılar. COVİD-19 üçün PCR testi üçün 18 saylı şəhər xəstəxanasının həyətində 5 saatadək günün altında növbəyə dayanmışdı, test və aviabilet üçün xeyli pul ödəmişdi və bunların hamısı batıb getdi”.
Rəhim Yaqublu
Tofiq Yaqublu deyib ki, ailəsinin Gürcüstana buraxılmaması siyasi sifariş və ona indiyə qədər edilən təzyiqlərin tərkib hissəsidir.
Tofiq Yaqublu 2020-ci ilin martın 22-də həbs olunmuşdu.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, “8-ci kilometr bazarı“nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi “VAZ-2107" ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4.3 il azadlıqdan məhrum edildi.
Amma siyasətçi özünü təqsirli bilməyib, sifarişlə ona qarşı təxribat törədildiyini deyirdi.
O, sentyabrın 2-dən, dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladıb.
17 günlük aclıq aksiyasından sonra Bakı Apelyasiya Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə qərarını elan edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər