Avropa Məhkəməsindən Azərbaycanla bağlı 4 QƏRAR

Xəbərin çap versiyası
Tarix: 22-07-2021, 19:24


İyulun 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan dörd iş üzrə qərarını elan edib.

CivilAzerbaijan.com
bildirir ki, Strasburqda yerləşən AHİM Azərbaycan hakimiyyətinin üzərinə 51 200 avro məbləğində kompensasiya ödəmək öhdəliyi qoyub.

Qərarlardan biri iki jurnalistin işinə aiddir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Müxalifət" qəzetinin baş redaktoru və "Müxalifət" qəzetinin keçmiş əməkdaşı Rövşən Mahmudov və Yaşar Ağazadənin işi üzrə ərizəçilərin ifadə azadlığının pozulduğunu müəyyən edib. Qərara əsasən hökumət ərizəçilərə mənəvi zərərə görə kompensasiya kimi ümumilikdə 2400 avro, xərclərə görə isə 1000 avro ödəməlidir.

Şikayət guya mərhum akademik Cəlal Əliyevi (Azərbaycan prezidenti İlham Əliyevin əmisi) ləkələyən "AMAY – Əliyevlərin ticarət brendi" başlıqlı məqaləyə görə cinayət təqibilə bağlı idi.

Cəlal Əliyevin xüsusi cinayət ittihamı qaydasında şikayətindən sonra jurnalistlər 16 may 2007-ci ildə Yasamal Rayon Məhkəməsi tərəfindən böhtanda təqsirli biliniblər. Onların hər biri iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidenti tərəfindən əfv ediliblər.

Avropa İnsan Hüquqları Məhkəməsi bundan öncə Cəlal Əliyev haqqında başqa bir məqalə ilə əlaqədar Ağazadə və Mahmudovun şikayətləri üzrə qərar çıxarıb.

Digər qərar jurnalist, "Azadlıq" qəzetinin direktoru Azər Əhmədovun şikayətilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi şəxsi həyatı müdafiə hüququnun pozulduğunu müəyyən edib. Hökumət mənəvi zərərə görə Əhmədova 4500 avro və məhkəmə xərclərinin ödənilməsi üçün 2500 avro təzminat ödəməlidir.

İş Əhmədovun həmkarı Aqil Xəlil ilə telefon danışıqlarının dinlənilməsilə bağlıdır.

Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi "Kərimov və başqaları Azərbaycana qarşı" işi üzrə ərizəçilər – Mahir Abbasovun və Mübariz Bayramovun Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüquqlarının pozulduğunu etiraf edib.

Məhkəmə hökumətin hər bir ərizəçiyə 3600 avro kompensasiya ödəməsi barədə qərar çıxarıb. İş borcların ödənilməməsinə görə ərizəçilərin saxlanılmasına aid olub.

Daha bir qərar Ermənistan vətəndaşı Badalyanın Azərbaycana qarşı şikayətilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, ərizəçinin azadlıq və təhlükəsizlik, işgəncələrin qadağan olunması hüququ pozulub. Ərizəçiyə 30 000 avro ödənilməlidir.

Bu iş ərizəçinin Azərbaycan-Ermənistan sərhəddində tutulması saxlanması və 22 ay Azərbaycanda saxlanması ilə əlaqədardır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz