Azərbaycanda konstitusiya islahatlarından danışırlar, referendum olacaqmı?
Tarix: 8-08-2021, 15:17
Son vaxtlar cəmiyyətdə Azərbaycanda konstitusiya islahatlarına gediləcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu islahatların özəyi kimi yeni parlament seçkilərinin keçiriləcəyi, proporsional seçki sisteminin bərpa ediləcəyi ehtimallar sırasındadır.
CivilAzerbaijan.com bildirir ki, son aylar cəmiyyətin bəzi kəsimlərində, sosial şəbəkələrdə payızda, yaxud ən geci gələn ilin yazında konstitusiya islahatlarına başlandığının bəyan ediləcəyi və bu xüsusda yeni parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər səslənir. Konstitusiya islahatları daxilində də daha çox proporsional seçki sisteminin bərpa ediləcəyi ehtimallar sırasındadır.
Belə fikirlərin əsası varmı? Ölkədə konstitusiya islahatları aparılmalıdrmı, aparılmalıdrsa necə?
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlardan Məlahət Həsənova parlament seçkilərinin keçirilməsi barədə xəbərləri şayiə adlandırıb.
“Qeyri-mümkündür”
Onun fikrincə, Eldəniz Səlimov (Bu günlər polisi döyməkdə günahlandırılan hakim partiyadan olan deputat əvvəlcə həmin partiyadan xaric edildi, daha sonra da toxunulmazlığı götürülərək həbs edildi. O, üzr istəsə də olayın təzyiq və təhdid nəticəsində baş verdiyini açıqlamışdı ) olayından sonra müəyyən qüvvələr çalışırlar ki, hakimiyyətin qanunverici orqanı olan Milli Məclisi gözdən salsınlar. Məlahət Həsənova yeni seçkilərin keçirilməsi sualına “qətiyyən qeyri-mümkündür” deyə reaksiya verərək əlavə edib ki, 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və indiki qanunverici orqan qısa müddətdə xeyli təqdirəlayiq işlər görüb:
“Milli Məclis beynəlxalq əlaqələrin inkişafında, pandemiya dövründə, 44 günlük vətən müharibəsində (İkinci Qarabağ müharibəsi ) həm qanunvericlik, həm də əhaliylə təmaslarda bütün istiqamətlərdə səmərəli işlər aparıb. Ona görə də müəyyən qüvvələrə aparılan işlər sərfəli deyil. Bu mənada 1 il əvvəl növbədənkənar seçkilərin keçirildiyi halda yeni seçkilərin keçirilməsi qeyri-mümkündür”.
“İslahatlar onsuz da aparılır”
Məlahət Həsənova hesab edir ki, Azərbaycanda fundamental islahatlar onsuz da aparılır:
“Elə həmin qüvvələr də islahatları qəbul etmədiyindən bu cür şayiələr yayırlar. Ermənipərəst qüvvələrin dəstəyinə arxalanan “5-ci kalon” var ki, onlar 30 ilə yaxın işğalda olan ərazilərin azad edilməsini təqdir etmirlər. Ona görə müxtəlif şayiələr uydurmaqla aparılan islahatlara , Milli Məclisin fəaliyyətinə kölgə salmağa çalışırlar".
Hüquqşünas Akif Qurbanov isə indiki vəziyyəti yeni hesab etmir və düşünür ki, bu, 2000-ci illərdən başlamış idarəetmə sisteminin mahiyyətini ifadə edən yanaşmadır.
Akif Qurbanov Azadlıq Radiosuna açıqlamasında konstitusiya islahatlarına ciddi ehtiyacın olduğunu deyir:
“Bizim pəncərədən baxdıqda,… ”
“Amma məsələyə kimin pəncərəsindən baxılmasına diqqət yetirilməlidir. Bizim pəncərədən baxdıqda, açıq cəmiyyətin qurulduğunu deyiriksə, deməli, islahatlara ciddi ehtiyac var. Hakimiyyətin pəncərəsindən baxdıqda, o özünün “islahatları”nı aparıb. 2002-ci ildə proporsional seçki sistemini ləğv edib, 2009-cu ildə referendumla yeni dəyişikliklər gerçəkləşdirib, prezident idarəetməsinin limitini aradan qaldırıb, adını da islahat qoyub. Eyni qaydanı 2016-cı ildə davam etdirib, yenə adını islahat qoyub ”
Onun fikrincə, bununla ölkəyə vitse-prezident institutu gətiriblər və ailə hakimiyyətini gücləndirən addımların davamını yekunlaşdırıblar:
“Hakimiyyət niyə özü oturduğu budağı baltalasın? ”
“Ardınca da İlham Əliyev həyat yoldaşını I vitse-prezident təyin edib. Bundan sonra hakimiyyət hansı islahatlar aparmalıdır? Ümumiyyətlə, hakimiyyət cəmiyyət üçün niyə islahatlar aparmalıdır? Əgər cəmiyyətdə haqları alacaq etiraz dalğası varsa, onu əldə etmək mümkündür. Yoxdursa, hakimiyyət niyə özü oturduğu budağı baltalasın? Sadəcə, bu fikir müxtəlifliyi fonunda öz yumşaq gücünü istifadə edib müstəqil ekspert kimi tanıdığımız insanlar da hakimiyyətin ötürdüyü tezisləri müzakirə edirlər”.
A.Qurbanovun vurğulamasına görə, müzakirənin fonunda ictimai rəyi hakimiyətin nəzarətində davam etdirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər