Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları barədə cinayət işi başlanıb
Tarix: 17-08-2021, 17:13
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ifşa edib.
CivilAzerbaijan.com bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, istintaqla Babayev Rövşənin 2016-cı ilin noyabrından 2019-cu ilin mayınadək müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşarla (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Babayev və Yaşar Hüseynova Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər