Rüstəm Muradov: Sülhməramlıların qalma müddəti uzadılacaq

Xəbərin çap versiyası
Tarix: 10-09-2021, 16:08


Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov kontingentin regiondakı işini müsbət dəyərləndirib.

CivilAzerbaijan.com
bildirir ki, o bu barədə TASS xəbər agentliyinə açıqlamasında danışıb.

“Kontingentin işini yalnız müsbət dəyərləndirirəm. Bizə qiyməti dinc sakinlər verir – bu gün Qarabağda həyat tam axarı ilə davam edir. Əlbəttə, çox mürəkkəb məsələlər var, amma proses gedir – adamlar qayıdır, bir sıra problemli məsələlər həll olunur. Buna görə də hər şeyin normal olacağını düşünürəm”, – Muradov deyib.

Beş ildən sonra...

O, sülhməramlıların münaqişədən sonra regionda beş il qalacağını deyib. “Bundan sonra onların müddətinin uzadılması haqda qərar veriləcək”, – o, sözlərinə əlavə edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Atəşkəs razılaşmasının 4-cü bəndi

10 noyabr razılaşmasının 4-cü bəndində deyilir ki, sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və “müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi elə ilk gündən cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu il avqustun 12-də isə Azərbaycan Müdafiə Nazirliyi bu kontingentin öz funksiyalarını yerinə yetirməməsindən narahatlığını bildirib. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin tam şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Bundan sonra bəzi deputatlar Azərbaycanın öz ərazi bütövlüyünü qoruduğunu, heç bir sülhməramlıya ehtiyac olmadığını vurğulayıblar.

Rüstəm Muradovun yerinə bu posta general-mayor Mixail Kosobokov təyin edilib. O, 58-ci Ümumqoşun Ordusunun (Cənub hərbi dairəsi) komandan müavini vəzifəsində çalışıb. Vaxtilə o, Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz