Ramin Bayramlı istefa ərizəsi yazıb
Tarix: 12-09-2021, 12:49
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə o özünün “Twitter” hesabında yazıb:
"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm".
Ramin Bayramlı daha sonra qeyd edib:
“İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətini davam etdirəcəyəm”.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Ramin Bayramlı 2019-cu ilin dekabrında bu vəzifəyə təyin olunub. Ötən müddət ərzində Ramin Bayramlı ilə bağlı mediada saysız-hesabsız tənqidi materiallar yer alıb.
Bu il avqustun əvvəlində sosial şəbəkələrdə Ramin Bayramlının Badamdar ərazisindən sotu 70 min manata torpaq sahəsi alıb villa tikdirdiyi haqda məlumatlar yayılıb. Bu məsələ müzakirəyə səbəb olsa da, TƏBİB rəhbəri heç bir açıqlama verməyib, villanın ona məxsus olduğunu təkzib etməyib.
Səhiyyə Nazirliyinin adının açıqlanmasını istəməyən vəzifəli şəxsinin Meydan TV-yə verdiyi məlumata görə, TƏBİB İcbari Tibbi Sığorta Agentliyindən (İTS) alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Səhiyyə Nazirliyi yalnız müalicə işlərinə, İTS isə sığortaya nəzarət edəcək. TƏBİB-də və İTS-də büdcə xərclərinin idarə olunması ilə bağlı yoxlamaların başlandığı bildirilir.
TƏBİB-dən məsələyə münasibət bildirilməyib, Meydan TV-nin bu qurumdakı mənbəsi isə işçilərin bir neçəsinin istefa verdiyini deyir.
“Binəqədi Rayon İcra Hakimiyyətində işləyən bir neçə nəfər isə TƏBİB-ə gəlib. Onlardan biri departament rəhbəri təyin olunub. Niyə ancaq Binəqədidən işçi götürülür, anlamırıq”, - deyə mənbə bildirib.
Mənbə onu da deyir ki, “Yeni Klinika”nın baş həkimi Pərviz Abbasovun həbsində də Ramin Bayramlının rolu olduğu haqda söhbətlər var:
“Ramin Bayramlının göstərişi olmadan Yeni Klinikaya xəstə qəbul olunmurdu. Pərviz Abbasovun tələbələri də onun azad olunması üçün ölkə rəhbərliyinə müraciətlər edib. Bunlar da Ramin Bayramlının əleyhinə olan məsələlərdir. Bildiyimə görə, o, istefa verməyə məcbur edilib”.
Ramin Bayramlı 1979-cu ildə Ermənistan SSRİ-nin Göyçə mahalının Toxluca kəndində doğulub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il də Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. O, 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib.
2018-ci ilin dekbarında Prezidentin fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) yaradılıb.
Meydan Tv-nin məlumatında qeyd olunur ki, fərmanın icrası məqsədilə Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər