Röya Rəfili: İlham Əliyevdən bizi, üç uşaqlı tək qadını sosial sığınacağa yerləşdirməsini istəyirəm
Tarix: 22-09-2021, 17:40
Sentyabrın 14-də Almaniyadan deport olunan azərbaycanlı jurnalist Röya Rəfili sığınacağının olmadığını deyir.
CivilAzerbaijan.com bildirir ki, o, 3 uşağı ilə birlikdə küçədə qala biləcəyindən narahatdır: “Hava limanına enəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına evsiz, işsiz və pulsuz olduğumu bildirmişdim. O da karantin bitən kimi Zabratdakı sosial sığınacağa yerləşdiriləcəyimizi və altı ay orada pul ödəmədən yaşaya biləcəyimizi demişdi. Bu gün karantin bitib, Atletlər Kəndindən çıxmalıyıq. Gedəcək yerimiz yoxdur”.
2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.
O, müsahibələrində ölkədən repressiyalardan bezib getdiyini bildirirdi.
Jurnalist deyir ki, onun hazırki durumundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Sosial Xidmətlər Agentliyinin xəbəri var, amma ona hazırda sığınacaqda yer olmadığını bildiriblər: “Burada sığınacağa ehtiyacı olan, getməyə yeri olmayan digər insanlar da var. Hamımız küçədə qalmaq təhlükəsindəyik. Mənim uşaqlarla qadın, yaxud uşaq sığınacaqlarına getməyimi məsləhət görürlər. Ora mənim və uşaqlarımın psixoloji durumuna uyğun yer deyil. Jurnalist və vətəndaş kimi həmin sığınacaqlara dəfələrlə illər əvvəl getmişəm, yer problemi var, bir nəfərin yerinə neçəsi yerləşdirilir ki, küçədə qalmasınlar. Mən bizə vəd edilən dövlətin sosial sığınacağından 4 nəfərlik yox, 1 nəfərlik yer istəyirəm. Uşaqlarımı yığacağım kiçik, bir çarpayılıq yer istəyirəm ki, ailə olaraq yığışıb, durumumu düşünmək imkanım olsun. Bunu etmirlər”.
Röya Rəfiyeva deyir ki, onları Readmissiya Sazişinə əsasən, geri gətirən dövlətdən, hökumətdən sığınacaq istəyir: “İki yaşlı qızıma qanunsuz olaraq Azərbaycan vətəndaşı olduğunu təsdiq edərək deport etdirən miqrasiya qurumlarından burada bizi yerləşdirmələri üçün sığınacaq tələb edirəm. Mənim və başqa ölkə vətəndaşı olan atasının rəsmi icazəsi olmadan rəsmi, qanunsuz sənəd verərək deportumuza səbəb olan Almaniyadakı səfirliyimizdən, konsulluğumuzdan bizi buradakı sosial sığınacağa yerləşdirmələrini istəyirəm. Ölkənin çiçəkləndiyini, sosial rifahın yüksək səviyyədə olduğunu hər məqamda vurğulayan dövlət başçısı İlham Əliyevdən bizi, üç uşaqlı tək qadını sosial sığınacağa yerləşdirməsini istəyirəm. Çox şey istəmirəm ki...”.
Röya Rəfiyeva bildirir ki, Azərbaycana öz xoşu ilə gəlməyib, hətta razılığı olmadan üç uşağına qayıdış şəhadətnaməsi verilib: “İki yaşlı qızımın gətirilməsi qanuni deyil, orada ata rəsmi kağız, həmçinin uşağın Almaniyadan çıxışı üçün razılıq verməyib. Bütün bunlara rəğmən, deportuma səbəb olan Azərbaycanın hökumət qurumları bizi sığınacaqla təmin etmirlər, biz küçədə qalmışıq. Heç bir əlaqəm olmayan qohumların qapısına polis gücünə aparıb atmaq çıxış yolu deyil. Özünə güvənib, yüzlərlə qaçqını geri istəyən dövlətdən bir yataqlıq sığınacaq istəyirəm”.
Jurnalist psixoloji durumunun yerində olmadığını söyləyir: "Aparıb məni dispanserdə çarpayıya bağlayıb, ölümümü gözləmək çıxış yolu deyil”.
“Mən dəli deyiləm, uşaqlarımı əlimdən almaq kimi variantlara getməyin. Heç kimə zərər verəcək biri deyiləm, Almaniyada müalicələr zamanı uşaqlarım mənim öhdəmdə olub, onları əlimdən almayıblar. Burada da buna cəhd etməyin, lütfən. Öhdəmdə üç azyaşlı var. Onları məndən ayırmadan, bizə sosial sığınacaq verin. Düşmən dövlət olan Ermənistandan tutub gətirdiklərini hotellərdə yerləşdirən hökumətimdən Azərbaycan vətəndaşı olaraq sosial sığınacaq istəyirəm”, - jurnalist belə deyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gün ərzində telefonlara cavab verməyib.
Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov isə bildirib ki, məsələni araşdıracaqlar: “Çalışacağıq ki, kömək edək”.
Röya Rəfiyeva Azərbaycanda yaşayarkən “Yeni Müsavat”, ANS və “Kanal 13”-də çalışıb.
O, Azərbaycandan gedəndən bir neçə ay sonra, 2017-ci ilin mayında “Kanal-13”ün redaktoru həbs edilib.
Eyni zamanda, kanala qarşı cinayət işi açılıb və kanal qapadılıb, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər