Şəhərsalma və Arxitektura Komitəsində "qara kassa" uğrunda mübarizə: hansı qrup qalib gələcək?

Xəbərin çap versiyası
Tarix: 10-10-2021, 23:07


İnfrastruktur və abadlaşma üçün milyardlarla vəsait sərf olunan paytaxt Bakı yöndəmsiz tikililərinə və bərbad yol sisteminə görə bəlkə də dünyada ilk yerlərdən birini tutur. İllərlə müxtəlif rəsmi qurumların Bakıda inşa edilən yeni binaların necə gəldi tikilməsinə göz yummaları bu sahədə acınacaqlı vəziyyət yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılsa da, bu sahədəki xaos daha da dərinləşib.

Şəhərsalma və Arxitektura Komitəsində "qara kassa" uğrunda mübarizə: hansı qrup qalib gələcək?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev

CivilAzerbaijan.com-a verilən məlumata görə Bakı şəhərində və eləcə də ölkə ərazisində tikinti işlərinin normativlərə uyğun və şəffaf şəkildə aparılmasını təmin etməli olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəinki bu sahəyə səlahiyyətləri çərçivəsində nəzarət edə bilir, əksinə bu qurumda günü-gündən dərinləşən daxili intriqa və korrupsiya mövcud vəziyyəti daha da gərginləşdirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində birincilik uğrunda, daha doğrusu, daha çox pullar uğrunda gedən mübarizə sahibkarları narazı salmaqla yanaşı, eyni zamanda, Bakı şəhərində yöndəmsiz tikililərin sayını da artırmaqdadır.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud

Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud ilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev arasında uzun müddətdir ki, gedən intriqa Komitənin işini iflic hala salıb. Şəhərsalma və Arxitektura Komitəsində hazırkı vəziyyət elədir ki, tikinti üçün Komitəyə müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir. Bakı şəhərinin baş planının olmamasını bəhanə gətirərək tikintilərə icazə verməyən Komitə rəsmiləri çox vaxt istəklərinə nail olurlar.


Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev

Komitə sədrinin müşaviri Rüfət Mahmud ilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev arasında gedən "bina tikintisinə icazə bazarı" uğrunda savaşı Komitə rəhbərliyi dayandıra bilmir. Məlumata görə Ramin Abdullayev xeyli müddətdir Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənməyinin gecikməsinin əsas səbəbini Rüfət Mahmudda görür.

Hər iki şəxsin İqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın olduğu deyilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Qeyd edək ki, bir müddət öncə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar Ramin Abdullayevi onun nümayəndəsi Kənan Fərəcovdan icazə üçün 20 min manat istəməkdə ittiham etmişdi.

Xatırladaq ki, Rüfət Mahmud Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri olmaqla yanaşı, eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin Müşahidə Şurasının üzvüdür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz