Rəsmi Tehran İsrailə görə Azərbaycana yenə xəbərdarlıq etdi: "Zarafat etmirik"

Xəbərin çap versiyası
Tarix: 11-10-2021, 12:49


"İran heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcək".

CivilAzerbaijan.com
bildirir ki, bunu oktyabrın 11-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə jurnalistlər üçün verdiyi brifinqdə deyib.

"İran öz təhlükəsizliyi ilə bağlı heç kəslə zarafat etmir, bunu hamı bilir. İsrail hara daxil olursa, ora qeyri-sabitlik, terror gətirir. Biz bu barədə Bakıya demişik. İsrail bölgənin qeyri-sabit olmasını istəyir. Tehran və Bakı üçüncü ölkələr onların münasibətlərinə mane olmasın deyə ehtiyatlı olmalıdırlar. Biz heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcəyik", - deyə XİN rəsmisi bildirib.

Toplum TV-nin məlumatında qeyd olunur ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) də açıqlama yayaraq Azərbaycan ərazisində üçüncü ölkəninin mövcud olmadığını bəyan edib.

"Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir", - qurumun açıqlamasında bildirilib.

Azərbaycan tərəfi həmçinin İran rəsmilərinə açıqlamalarında məsuliyyətli olmağı məsləhət görüb:

"Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz