Bir qrup müharibə iştirakçısı Bakıda yolu bağlamağa cəhd edib
Tarix: 26-10-2021, 17:15
Oktyabrın 26-da bir qrup müharibə iştirakçıları Bakının Ziya Bünyadov prospektində yolu bağlamağa cəhd edib.
Civilazerbaijan.com bildirir ki, onların sözlərinə görə, həmin ərazidə yerləşən kiçik bazar gecə ilə sökülüb. ""Azərenerji"-nin işçiləri gecə gəlib təmir adı ilə Birinci və İkinci Qarabağ müharibəsinin 34 iştirakçılarının tərəfindən icarəyə götürülmüş obyektləri söküblər. Biz bu obyektlərə görə pul da ödəmişdik. Başqa dolanışıq yerimiz yoxdur".
"Azərenerji" ASC-dən Turana bildirilib ki, qeyd edilən ərazi qurumun Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən Yüksək Gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir".
Qurumdan vurğulanıb ki, qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb. "Ərazi ötən illərdə bir sıra aidiyyatı qürumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilmiş və bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranmışdır. Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılmışdır".
Qeyd olunub ki, bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırmış, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlamışlar. "Qanunsuz hərəkətlərinin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə edilmiş xahişlərinə məhəl qoyulmamış, işlər davam etdirilmişdir. Qazilərimiz bütün Azərbaycan xalqının dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur".
ASC-dən bildirilib ki, qurumda işləyən və torpaqların işğaldan azad olunmasında xidməti olan bütün Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb. "Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirmiş bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz.
Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyəti, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və Yüksək Gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir".
"Azərenerji"dən qaziləri təmkinli olmağa çağırıblar. "İmkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Turana bildirilib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir. "Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub".
Qurumdan qeyd olunub ki, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır və aidiyyəti qurumlar məlumatlandırılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər