ABŞ səfiri Li Litsenbergerdən Azərbaycanla bağlı AÇIQLAMALAR

Xəbərin çap versiyası
Tarix: 23-11-2021, 15:38


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litsenberger noyabrın 22-də brifinq keçirib.

Civilazerbaijan.com
bildirir ki, səfir Li Litsenberger Azərbaycanla bağlı bir sıra maraq doğuran sualları cavablandırıb.

Turan agentliyinin "ABŞ səfirliyi uzun illərdir verdiyi kiçik qrant layihələrini niyə dayandırıb?" sualına cavabında cənab səfir bildirib ki, hazırda Azərbaycanda bu sahədə mühit "həddindən artıq məhduddur".

"Biz vətəndaş cəmiyyətinin və QHT-lərin donorlarla azad və şəffaf işləyə bilməsinin tərəfdarıyıq. Hazırki vəziyyət buna imkan vermir, bundan Azərbaycan əziyyət çəkir, çünki vətəndaş cəmiyyətini inkişaf etdirə bilmir", deyə o bildirib.

"Azərbaycanda müstəqil KİV-lərin və siyasi məhbusların vəziyyətini qiymətləndirmək xahişinə cavabda səfir qeyd edib ki, ictimaiyyətin baş verənlər haqqında obyektiv təsəvvürə malik olmaq üçün müxtəlif məlumat mənbələrinə çıxışı olmalıdır. ABŞ ənənəvi olaraq media azadlığını dəstəkləyir.

Əsas azadlıqlara gəlincə, "biz insanların konstitusion hüquqlarını - toplaşmaq azadlığı və ya söz azadlığı hüquqlarını həyata keçirdiklərinə görə saxlanıldıqlarını və təqib edildiklərini gördükdə narahat oluruq", deyə səfir bildirib.

Onun sözlərinə görə, bu mövzularda hakimiyyətlə danışıqlar davam etdirilir və müəyyən nailiyyətlər var. "Bu nailiyyətlərin daha da artacağını gözləyirəm", deyə diplomat bildirib.

***

"ABŞ məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün səylərin dəstəklənməsi üzrə tədbirləri davam etdirir. Buraya ərazilərin minalardan təmizlənməsi üzrə addımlar, kənd təsərrüfatının inkişafına dair layihələr və sair daxildir. 1992-ci ildən Amerika məcburi köçkünlərin dəstəklənməsi üçün 125 milyon dollar ayırıb və bu yardım davam etdiriləcək". Bu barədə də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə bildirib.

Amerikanın bir sıra şirkətləri minalardan təmizləmə prosesini sürətləndirilməsi üçün böyük təcrübəyə və xüsusi texnikaya, həmçinin avadanlığa malikdir. Hazırda onların minalardan təmizləmə prosesinə cəlb edilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə danışıqlar aparılır, səfir qeyd edib.

Amerika şirkətlərinin Azərbaycanda iqtisadi layihələrdə iştirakının mümkünlüyündən danışan diplomat qeyd edib ki, ABŞ şirkətləri müasir texnologiya və avadanlıqların bütün növlərinə malikdirlər. Onlar azad edilmiş ərazilərin bərpasında iştirak da daxil olmaqla, müxtəlif sahələrə investisiya qoymağa hazırdırlar. "Onlar müvafiq şəraitin, ilk növbədə açıq tenderlərin olduğu yerlərə investisiya qoymağa hazırdırlar", - səfir vurğulayıb.

***

"ABŞ xoş məram və səmimiyyətə arxalanaraq Rusiya ilə istənilən məsələ üzrə konstruktiv əməkdaşlığa hazırdır, lakin təəssüf ki, bu, baş vermir". Bu fikri də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə səsləndirib.

ABŞ Rusiyanın Ukraynaya qarşı hərbi hazırlığından narahatdır ki, bu da ancaq regionda gərginliyi artırır, vəziyyətin sabitləşməsinə xidmət etmir.

"ABŞ və Rusiyanın uğurla əməkdaşlıq etdiyi bir sahə var – bu, ATƏT-in Minsk Qrupudur. Biz iki dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərini təşkil edə bilmişik və bu istiqamətdə səylər davam edir", - səfir deyib.

İranla Azərbaycan arasındakı gərginliyi şərh edən səfir deyib ki, ABŞ vəziyyəti diqqətlə izləyir və "sərhədboyu vəziyyətdən çox narahatdır". Lakin "gərginlik səngiyib" və İran Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində bəzi addımlar atıb.

"Biz Azərbaycanın sərhədlərində sabitliyin qorunmasında maraqlıyıq, lakin sərhəddən narkotrafikin kəskin şəkildə artmasını narahatlıqla müşahidə edirik. Şadıq ki, Azərbaycan gömrükçüləri və sərhədçiləri bu il bir il əvvəlkindən iki dəfə çox narkotik maddə götürüblər. Mən çox şadam ki, bu, ABŞ-ın təqdim etdiyi avadanlığın sayəsində edilib", - səfir vurğulayıb.

"Uzunmüddətli proqram çərçivəsində Azərbaycana müvafiq skanerlər, rentgen aparatları və digər avadanlıqlar verilib. Onlar təkcə quru sərhədlərində yox, həm də Xəzərdə dəniz infrastrukturunun, neft platformalarının qorunması üçün tətbiq edilir. Bu avadanlıq Azərbaycana öz sahillərini və dəniz sərhədlərini qorumağa imkan verir", diplomat vurğulayıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz