Polis "Tərtər işi" üzrə mühakimə olunanların qohumlarının aksiyasının qarşısını alıb

Xəbərin çap versiyası
Tarix: 7-12-2021, 13:26


Bu gün "Tərtər işi" üzrə məhkumların ailə üzvləri və qohumları ittihamlara yenidən baxılması tələbilə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Civilazerbaijan.com
bildirir ki, aksiya saat 11:00-a planlaşdırılıb. Aksiya iştirakçıları metronun "İçərişəhər" stansiyasının qarşısında toplaşıb və oradan Prezident Administrasiyasına gediblər. Lakin gücləndirilmiş polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik polis alayı onların qarşısını kəsib.

Polis etirazçıların iki nümayəndəsinə Prezident Administrasiyasına keçməyi təklif edib. Amma oradan onları geri qaytarıblar. Aksiya iştirakçılarının müraciətini götürən polislər onları metro stansiyasının içərisinə doğru sıxışdırıblar. Adamlar polislərin hərəkətlərindən qəzəblənib.

“Biz, sadəcə, şikayətimizi Azərbaycan prezidentinə çatdırmaq istəyirdik, amma bizi dövlət başçısının administrasiyasının binasına buraxmadılar", - aksiya iştirakçılarından biri deyib.

*2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri Ermənistan xüsusi xidmətinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçu və mülki şəxsin saxlndığını bildiriblər.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum olunublar. Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 11 şübhəli şəxs işgəncə nəticəsində ölüb. Sonradan dörd nəfərə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətə həbs cəzasına məhkum ediliblər, Turan Agentliyinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz