Saleh Rüstəmov su və dərmandan da imtina edərək quru aclığa keçib

Xəbərin çap versiyası
Tarix: 13-12-2021, 16:58


Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, 38 gündür həbsdə aclıq edən Saleh Rüstəmov artıq su və dərman qəbulundan da imtina edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun oğlu Sezgin Rüstəmov məlumat verərək qeyd edib ki, atası dekabrın 13-dən quru aclığa keçib.

Vəkil Bəhruz Bayramov söyləyib ki, bu gün - dekabrın 13-də Penitensiar Xidmətin müalicə müəssisəsində siyasi məhbus Saleh Rüstəmova baş çəkib. Vəkilin sözlərinə görə, Saleh Rüstəmovla ünsiyyət cəmi 3-4 dəqiqə davam edib.

"Saleh mənə dedi ki, artıq ağrılara dözə bilmir və əziyyətə son qoymaq üçün quru aclığa keçir", - vəkil deyib.

O, Rüstəmlinin həyatına görə narahatlığını bildirib, çünki quru aclıq komaya səbəb olacaq.

"Mən təkidlə xahiş etdim ki, sudan imtina etməsin, amma onun qərarı qətidir və quru aclığa başlayıb ", - vəkil deyib.

Yaxınlarının bildirdiyinə görə isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Saleh Rüstəmovun ailə üzvlərilə görüşməsinə 10 gündür ki, icazə verilmir. Ailə üzvləri deyir ki, Saleh Rüstəmovla görüşmək imkanları olanda onu quru aclığa keçmək fikrindən daşındıra bilirdilər:

“Görünür, kimlərsə Saleh Rüstəmovun ölümündə maraqlıdır. Ona görə öz addımları ilə onun ölümünü sürətləndirirlər”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Saleh Rüstəmov qanunsuz olaraq uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq 6 noyabr 2021-cil tarixindən aclıq edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz