Bakıda Saleh Rüstəmovu müdafiə aksiyası keçirilib

Xəbərin çap versiyası
Tarix: 15-12-2021, 17:31


Bu gün Bakıda Saleh Rüstəmovu müdafiə aksiyası keçirilib. Polis Saleh Rüstəmlini müdafiə aksiyasının onlarla iştirakçısını saxlayıb.

CivilAzerbaijan.com
bildirir ki, aksiya Fransada yaşayan jurnalist Qənimət Zahid tərəfindən 15 dekabr tarixinə Fəvvarələr Meydanına təyin edilib.

"Saleh Rüstəmliyə azadlıq!", "Öldürmə, azad et!" şüarları səsləndirən adamlar meydana daxil olan kimi polis onları saxlayıb.

Bir çox aksiya iştirakçısı, o cümlədən Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmli, müxalifətçi siyasətçi Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əvəz Hüseynov və digərləri saxlanılıb.

***

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, həmçinin Xalq Cəbhəsi Partiyasının fəalları Kənan Zeynalov və Babək Həsənov 400 manat cərimələniblər.

Onlar "karantin rejimini pozmaqda" ittiham olunublar.

***

Daxili İşlər Nazirliyi hazırda həbsxanada aclıq aksiyası keçirən siyasi fəal Saleh Rüstəmova dəstək askiyası ilə bağlı məlumat yayıb.

"Saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib".

Açıqlamada daha sonra deyilir ki, aksiya cəhdinin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

"Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar", - deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir, dekabrın 13-dən isə quru aclığa başlayıb.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, həmçinin yerli ziyalı, jurnalist və hüquq müdafiəçiləri Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib. Müraciətlərə hələlik müsbət cavab verilməyib.

Şəxsi həkimi Saleh Rüstəmovun vəziyyətinin kritik olduğunu bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz