16 ildən sonra Prezident Sarayına gəldim - ƏLİ İNSANOV

Xəbərin çap versiyası
Tarix: 15-12-2021, 17:47


Dekabrın 15-də sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə partiya sədri özü "Facebook” səhifəsində "16 ildən sonra Prezident Sarayına gəldim!” deyə xəbər paylaşıb.

Əli İnsanov Ədalət Vəliyevlə görüşünün 2 saata qədər davam etdiyini qeyd edib: "Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik”.

O, Ədalət Vəliyevin Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə onu təbrik etdiyini bildirib: "Ədalət müəllim partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

Meydan TV-nin məlumatında qeyd olunur ki, sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası oktyabrın 15-də dövlət qeydiyyatına alınıb.

Partiyanın sədri Əli İnsanov 1993-2005-ci illərdə Azəbaycanın səhiyyə naziri olub.

O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra 11 il azadlıqdan məhrum edilib.

2017-ci ildə cəza müddətinin başa çatmasına az qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb. Və ardınca 7 il 5 gün azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin 17 mart tarixində əfv sərəncamı ilə azadlığa buraxılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz