Azərbaycan daha 10 erməni hərbi qulluqçusunu Ermənistana qaytarıb

Xəbərin çap versiyası
Tarix: 19-12-2021, 13:15


"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil vermişdir".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar.

Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixində qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs etmiş, altısına qarşı isə ittiham irəli sürmüşdür.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb.

O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.

Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşlər üçün Azərbaycan və Ermənistanla birgə işləməyə davam edəcəyini vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz