FTB Azərbaycana görə konqresmen Henri Kuelyarın evində axtarış aparıb

Xəbərin çap versiyası
Tarix: 21-01-2022, 18:06

Mənbə: axios.com

Amerikanın Federal Təhqiqat Bürosu (Federal Bureau of Investigation-FBI) konqresmen Henri Kuelyarın (Henry Cuellar) Texasdakı evində və qərargahında axtarış aparıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə ilkin məlumatı “ABC News” xəbər agentliyi yayıb.

Axtarış Azərbaycanla əlaqəsi olan bir neçə amerikalı iş adamı ilə bağlı aparılan genişmiqyaslı istintaq işi çərçivəsində həyata keçirilib.

Şahidlərin sözlərinə görə, federal büronun bir neçə nümayəndəsi dünən Texas ştatının Laredo şəhərində Kuelyarın evindən əşyaları götürərkən görülüb. Bununla yanaşı onun baş qərargahı ətrafında da hərəkətli saatlar yaşanıb.

Xəbərdə deyilir ki, Vaşinqtondakı Federal Büro məsələ ilə bağlı araşdırma aparır, lakin Kuelyarın böyük münsiflər heyətinin araşdırma hədəfində olub-olmadığı məlum deyil.

Kuelyarın köməkçisi konqresmenin istənilən araşdırma aparılması üçün əməkdaşlığa hazır olduğu barədə bəyanat yayıb.

“O, ədalətin və qanunun aliliyini təmin edilməsini öz üzərinə götürür”, – deyə bəyanatda qeyd edilib.

FTB sözçüsü Roseanne Hughes də çərşənbə günü verdiyi açıqlamada Kuelyarın evində və ya qərargahında araşdırma aparmaq üçün məhkəmə tərəfindən icazə verildiyini bildirib. FTB sözçüsü ətraflı məlumat verə bilməyəcəyini də deyib.

FTB və Ədliyyə Departamentinin sözçüləri bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

66 yaşlı keçmiş hüquqşünas Kuelyar 2005-ci ildən bəri Konqresdədir. O, gömrük brokeri və Texas ştatının dövlət katibidir. Kuelyar eyni zamanda konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədridir.

Meydan TV-nin xəbərində qeyd olunur ki, ötən il Kuelyar sərhədlə bağlı yürütdüyü siyasətə görə Bayden administrasiyasını tez-tez tənqid edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz