Cibuti ilə eyni sırada olan Azərbaycan Beynəlxalq Korrupsiya İndeksində neçəncidir? - HESABAT

Xəbərin çap versiyası
Tarix: 25-01-2022, 15:22


Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 100 ballıq sistemdə 30-dur. Bu, aşağı göstərici sayılır.

CivilAzerbaijan.com
bildirir ki, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International – TI) yanvarın 25-də açıqladığı Korrupsiyanı Qavrama İndeksi (KQİ) hesabatında belə deyilir.

Azərbaycan son 10 ildə KQİ-nin hesabatında ən aşağı sıralardadır. Balı isə 25-30 arasında dəyişir. 30 balla Azərbaycan Cibuti, Toqo, Bolivia, Dominikan Respublikası, Kenya, Laos, Paraqvayla eyni sıradadır.

Cənubi Qafqazın digər ölkəsi Gürcüstan 100 ballıq sistemdə 55-ci, Ermənistan isə 49-cu yerdədir.

180 ölkəni və ərazini əhatə edən indeks sıralaması dövlət sektorundakı korrupsiyanı müəyyən edir.

0-100 ballıq sistem üzrə həyata keçirilən qiymətləndirmə Dünya Bankı, Dünya İqtisadi Forumu və 13-dək konsaltinq şirkət, təhlil mərkəzinin datası əsasında aparılıb. Bal nə qədər aşağıdırsa, həmin ölkədə korrupsiyanın səviyyəsi bir o qədər yuxarıdır.

Hesabatda qeyd edilir ki, dünya üzrə son 10 ildə ortalama indeks 43-dür, çünki 180 ölkədən üçdə ikisinin balı 50-dən aşağıdır.

Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, bu ölkədə fərqli düşünən insanlara, azad mediaya təzyiqlər edilir. Bu da korrupsiyanın faizinin yüksək olduğundan xəbər verir. Məsələn, 2017-ci ildə beynəlxalq mediada “Azərbaycanın pulyuyan maşını” adlı araşdırma dərc edildi.

Həmin araşdırma üzə çıxardı ki, Azərbaycan hakimiyyəti müxalif fikirli insanlara və müstəqil jurnalistlərə etdiyi daimi təzyiqləri ört-basdır etmək üçün “Danske Bank” vasitəsilə Avropa siyasətçilərinə yüksək miqdarda ödənişlər edib. Bununla yaranmış imicini qismən qapatmağa çalışıb.

Son zamanlar müxtəlif bölgələrin icra başçıları rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, işdən azad edilənədək Azərbaycan hakimiyyəti və məmurları ölkədə korrupsiyanın olduğunu etiraf etməyib, belə halların olmasını danıblar.

Beynəlxalq Şəffaflıq təşkilatı hesabatında qeyd edib ki, hazırda bütün dünyada korrupsiyanın səviyyəsində “durğunluq” var. Məsələn, Şərqi Avropa və Orta Asiya ölkələrinin 75 faizə yaxını son 10 ildə ya geriləyib, ya da çox az dəyişikliyə nail ola bilib.

Hansı ölkələrdə ki, avtoritarizm, insan haqları pozuntuları var, orada korrupsiya halları artıb. Belə ölkələr pandemiyadan da sui-istifadə edib, ciddi insan hüquqları pozuntularına yol veriblər.

Hesabatda ən aşağı yerlərdə Somali (13 bal), Suriya (13 bal) və Cənubi Sudandır (11 bal).

Danimarka, Finlandiya və Yeni Zelandiya isə 88 balla ən öndədir. Ardından Sinqapur, Qərbi və Şimali Avropa ölkələri gəlir.

Türkmənistan (19 bal), Tacikistan (25 bal) və Qırğızıstan (27 bal) Şərqi Avropa və Orta Asiyada ən aşağı yerləri tutublar. Bu region üzrə ümumi göstərici 36-dır və bu, çox aşağı hesab edilib.

Azərbaycanın qonşusu Rusiya 29, İran isə 25 bal toplayıb.

2020-ci ildə qalmaqallı prezident seçkilərinin nəticələrinə etiraz edənlərə təzyiqlər edən Belarus 41 bal toplayıb. Bununla da ölkə bir il öncəki vəziyyətindən 6 pillə aşağıda qərarlaşıb.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Son 10 ildə Ermənistan (49 bal), Moldova (36 bal), Ukrayna (32 bal) və Özbəkistan (28 bal) hesabatda vəziyyətini yaxşılaşdırıb.

Beynəlxalq Şəffaflıq təşkilatı hökumətləri antikorrupsiya və insan haqları öhdəliklərinə əməl etməyə çağırıb. Dünya əhalisinə isə müraciət edərək onları dəyişiklik tələbilə birləşməyə səsləyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz