Ramiz Mehdiyevdən istefa tələbləriylə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 11-02-2022, 17:10


Amerikanın Səsinin müxbirinin AMEA-nin prezidentinə qarşı ittihamlarla, AMEA-nin fəaliyyəti və Mehdiyevin istefaya gedib-getməyəcəyi ilə bağlı suallarının cavabında AMEA-nın prezidenti Ramiz Mehdiyev aşağıdakı cavabı göndərib.

CivilAzerbaijan.com
bildirir ki, AMEA-nin prezidenti vaxtı ilə ona tərif deyən insanların indi onu tənqdilərə məruz qoyması ilə bağlı Amerikanın Səsinin sualına belə cavab verib: “Mən bu mövzuya fəlsəfi yanaşıram. İnsan təbiəti naqisdir. Qurani-Kərimdə qeyd edilir ki, insan nankor varlıqdır. Siz çox doğru qeyd edirsiniz ki, bu gün məni ləkələməyə çalışan şəxslərin əksəriyyətinin bu səviyyəyə gəlib çıxmasında mənim əməyim, zəhmətim, dəstəyim olub. Ancaq səmimi deyim ki, mən bu adamları dəstəkləyərkən onların vətənimizə faydalı ola biləcəyini, ziyalı mühitinin formalaşmasında aktiv iştirak edəcəklərini düşünürdüm. Ancaq zaman göstərdi ki, onların əksəriyyəti ziyalı adına ləkə oldular. Onların dediklərinin ən tutarlı cavabı onların keçmişləridir. Hesab edirəm ki, mənə qarşı hücum kampaniyasına bu şəxsləri cəlb edənlər əslində, mənə böyük yaxşılıq ediblər, məni onlara uzun-uzadı cavab vermək zəhmətindən qurtarıblar. Bu insanların keçmişini, ötən illərdəki bəyanatlarını xatırlatmaqla biz hər şeyi demiş oluruq. Cəmiyyət bu insanların riyakarlığını görmək və müqayisə etmək imkanı qazanıb.”

Mehdiyev elm sahəsində və AMEA-dəki problemlərlə bağlı sualın cavabında deyib ki, Azərbaycan elmində ciddi problemlərin olduğunu AMEA prezidenti vəzifəsinə gəldiyi gündən açıq şəkildə dəfələrlə bəyan edib.

“Bunun obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər bir günün, yaxud bir ilin səbəbləri deyil. Uzun illər yığılmış problemlərin nəticəsidir. Alim əslində təhsil sisteminin, cəmiyyətin yetişdirdiyi yekun məhsuldur. AMEA institutlarının gəlirlilik səviyyəsi illərdir ki, qənaətbəxş deyil. Mövcud problemləri həll etmək üçün isə ilk növbədə dəqiq, qanunvericliyin və müasir dövrün tələblərinə uyğun şəffaf, çevik idarəçilik sistemi, təşkilatçılıq mexanizmləri yaradılmalıdır. AMEA-nın illərdən bəri yaşadığı tənəzzülün əsas səbəblərindən biri də məhz bu idarəçiliyin, nəzarətin olmamasıdır. Təəssüf ki, bundan istifadə edən bəzi direktorlar dövlət vəsaitini səmərəsiz şəkildə sərf etmiş, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmuşlar. Hesab edirəm ki, idarəçilik sisteminin formalaşdırılması və neqativ halların aradan qaldırılmasından sonra AMEA-nın işində ciddi dönüş meydana çıxa bilər.”

“Sizin istefaya getməyinizlə bağlı fikirlərə necə cavab verərdiniz?” sualına AMEA prezidenti Ramiz Mehdiyevin cavabı belədir: “Bilirsiniz hər kəsin sərbəst şəkildə öz fikrini, münasibətini ifadə etmək hüququ var. Dünyanın bütün demokratik ölkələrində bu var. AMEA-da kiminsə mənim fəaliyyətimi bəyənməyib tənqid etməsini də normal qarşılayıram. Mənim hamının xoşuna gəlmək niyyətim heç zaman olmayıb. Ancaq bütün bunlar etika çərçivəsində baş verməlidir. Bir daha təkrar edirəm ki, mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm. Mənim əqidəm və yolum məlumdur. Mən ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşıyam. Son nəfəsimə qədər də bu yoldan çəkilmək niyyətim yoxdur. Mənim üçün dövlətin maraqları, Prezident İlham Əliyevin iradəsi hər zaman ayrı-ayrı şəxslərin iddilarından yüksəkdə dayanacaqdır,” o qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz