Bakıda gecə klubunda partlayış olub: ölən və yaralananlar var - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 3-04-2022, 16:12


Gecə saat saat 03:00 radələrində Bakının mərkəzində yerləşən "Location” gecə klubunda yanğınla nəticələnən güclü partlayış baş verib.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan Baş Prokurorluğunun hadisəylə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş vermiş partlayış və yanğın faktı ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunmuşdur.

Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəymişdir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin Məlumatında bildirilir.

TƏBİB-dən verilən məlumata görə, yaralananlar arasında iki əcnəbi də var.

Onlardan biri İtaliya vətəndaşı üz və çənə nahiyəsinin zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov adına tibb mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

“Azəriqaz” İB-dən bildirilib ki, gecə klubu mərkəzləşdirilmiş qaz təchizatı sisteminin istifadəçisi deyil.

Eyni zamanda, obyektdə baş vermiş hadisəyə baxış zamanı 3 ədəd maye qaz balonu müəyyən edilib və ilkin ehtimala görə partlayışın onlardan sızma nəticəsində baş verə biləcəyi güman edilir.











civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz