Deputat İmamverdi İsmayılovun oğlu Sumqayıt "Mero"-da "bazar" açıb

Xəbərin çap versiyası
Tarix: 18-04-2022, 14:31


Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində "açıq bazar" hökm sürür.

Bu barədə Civilazerbaijan.com saytına göndərilən şikayət məktubunda qeyd edilir:

"Ölkəmizdə dövlət qurumlarının iş rejimində vətəndaşların rahatlığı üçün müəyyən addımlar atılsa da, bəzi dövlət idarələri var ki, vətəndaşları süründürməkdən həzz alır. Vətəndaşları incidən, qanunlarla yox, öz primitiv bazar qaydaları ilə işləyən dövlət qurumlarından biri də Sumqayıt "MERO"sudur.

Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələrindən fərqli olaraq bu idarədə "iş rejimi" saat 16.00-a qədərdir.

Bundan sonra idarə işçiləri qəbulda gözləyən insanlara sistemin söndüyünü deyib heç bir iş görmürlər. Ancaq pilləkanlarda, koridorlarda gəzişən idarənin mülki geyimli işçiləri bütün problemləri həll etməyə qadirdilər, təki əliniz cibinizdə olsun" - deyə, vətəndaşlar şikayət məktubunda yazırlar.

Vətəndaşlar iddia edirlər ki, Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindəki rüşvət çetesinin başında şöbənin rəis müavini, mayor İlkin İsmayılov dayanır: "İlkin İsmayılov İdarə rəisinin kim olmasından asılı olmayaraq illərdir burada at oynadır. Avtomobilin qeydiyyatı üçün insanlardan 7-8 cür sənəd tələb edilir.

Bu sənədləri yığmaq ən azından bir həftə vaxt aparar. Bu MERO-da ya İlkin İsmayılovun tələb etdiyi sənədləri gətirməlisən, ya da pilləkənlərdə, koridorlarda gəzişən "makler"lərə yaxınlaşmalısan. Qiymət isə minimal olaraq 300 manatdan başlayır. 300 manatını ver "şəklini çəkdir", yəni rəis müavinin tələb etdiyi sənədləri gətirməyə ehtiyac yoxdur".

Şikayətçilər məktublarının sonunda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciət edərək Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin fəaliyyətini təftiş etdirməyi xahiş edirlər.

Qeyd edək ki, Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini İlkin İsmayılov Milli Məclisin deputatı İmamverdi İsmayılovun oğludur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz