Deputat Uşaq və Gənclər Futbol Federasiyasındakı vəzifəsinə öz oğlunu təyin edib

Xəbərin çap versiyası
Tarix: 28-05-2022, 00:48


Parlamentin deputatı, eyni zamanda uzun illər Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti olmuş Rauf Əliyev öz postunu indi də oğluna həvalə edib.

Civilazerbaijan.com
bildirir ki, “Trend”in məlumatına görə, mayın əvvəlində deputatın oğlu Asif Əliyev bu quruma prezident seçilib.

Agentlik Asif Əliyevin bioqrafiyasını da yazıb:

“1998-ci ildə “Qalatasaray” Futbol Klubuna daxil olmuşdur. 2002-ci ildə Sofiya şəhərində Vasil Leviskiy adına Milli İdman Akademiyasının futbol bölməsinə daxil olmuş, 2002-2006-cı illərdə bu Akademiyanın bakalavr pilləsində, 2006-2007-ci illərdə magistratura, 2007-2011-ci illərdə doktorantura pilləsində təhsil almışdır. Pedoqogika üzrə fəlsəfə doktorudur”.

“Neftçi”nin veteran futbolçusu Asim Xudiyev isə UGFF-nin baş katibi təyin edilib.

Ancaq bu “seçki”dən nə mətbuat, nə də ictimaiyyət xəbər tutub. Elə bu da yerli idman mediasında tənqidlərə səbəb olub.

Bildirilir ki, AFFA yarandığı gündən müxtəlif vəzifələrdə əyləşən Rauf Əliyev rəhbərlik etdiyi federasiyada prezidentlik dövrü bitən kimi kənara çəkilib və oğlunu öz yerinə təyin etdirib.

Rauf Əliyev 20 ildir deputatdır, “Şöhrət” ordeni ilə təltif edilib və 18 ildir ki, AFFA-nın birinci vitse-prezidentidir. Oğlu Asif Əliyev bundan öncə “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində işləyib. Onun həmçinin “Refiks Konstrakşn” adlı tikinti şirkəti də mövcuddur.



Halbuki Azərbaycan qanunvericiliyi deputatın və onun ailəsinin şəxsi bizneslə məşğul olmasını qadağan edir.

Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 3-cü maddəsi dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir.

Bundan əlavə, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin, ikinci bəndinə əsasən deputatlar başqa ödənişli fəaliyyətlə də məşğul ola bilməzlər.



Meydan TV-nin xəbərində qeyd olunur ki, Azərbaycan qanunvericiliyinə görə (Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunun III fəsli, Maddə 9.3.3) prezident, millət vəkilləri o cümlədən digər vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Buna baxmayaraq, Rauf Əliyevin özünün də Rusiyada biznesinin olduğu haqda məlumatlar var. Bildirilir ki, Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, Konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb. İndi isə oğlunu yolunun davamçısına çevirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz