İlham Əliyev Vladimir Putinə zəng vurub - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 31-05-2022, 16:50


Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının icrasının gedişi nəzərdən keçirilib: "Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib".

Bildirildiyinə görə, söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri də müzakirə edilib.

Bu il mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İ.Əliyev Ermənistan Baş naziri N.Paşinyanla görüşmüşdü. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər. Artıq komissiyaların ilk görüşü gerçəkləşib, növbəti görüşün də bu həftə keçirilməsinin planlaşdırıldığı açıqlanıb.

Bu il aprelin 6-da da həmin üçlü formatda Brüsseldə görüş keçirilmişdi. Onda da tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında əsas vasitəçiliklə Rusiya məşğul idi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz