Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevə zəng vurub - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 4-07-2022, 16:33


Bu gün, iyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, Ş.Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Bildirildiyinə görə, İ.Əliyev də danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin üç görüşü keçirilib. Sonuncu görüş mayın 22-də olub. Ardınca mayın 23-də hər iki lider dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, ikinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk qrupu vasitəçilik edib. (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir)

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz