Azərbaycanda benzinin qiyməti bahalaşıb
Tarix: 13-07-2022, 13:01
Azərbaycanda “Aİ-95″ premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti bahalaşıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə iyulun 13-də SOCAR-dan məlumat verilib.
Şirkətin xəbərində bildirilir ki, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
"Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Aİ-95″ premium markalı benzinin qiymət 1 manat 60 qəpikdən 2 manata, “Aİ-98” super markalı benzinin qiyməti isə 1 manat 90 qəpikdən 2 manat 30 qəpiyə yüksəlib.
Benzinin bu növündə hər dəfə qiymət artımı olanda SOCAR bildirir ki, “Premium” və “Super” markalı benzin Azərbaycana başqa ölkələrdən gətirilir. Odur ki, qiymət beynəlxalq bazardakı qiymətlərdən asılı olaraq dəyişir.
“Premium” markalı benzin ən son 2021-ci ilin sentyabrında bahalaşıb. Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib.
2021-ci ildə Azərbaycan xaricdən 50 min tondan çox “Premium” (Aİ-95) markalı benzin idxal edib. Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payları təxminən 2 faiz civarındadır.
Bu növlərə tələbin aşağı olmasının səbəbi kimi Azərbaycanda avtoparkın yaşlı olması göstərilir. Sonuncu açıqlanan rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur.
5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizini təşkil edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər