ABŞ-dan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə REAKSİYA
Tarix: 25-10-2022, 13:10
Foto: Reuters
ABŞ Dövlət Departamenti İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bəyan edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə oktyabrın 25-də Dövlət Departamentinin rəsmi saytında bildirilib.
Qurumun sözçüsü Ned Prays məsələylə əlaqədar deyib ki, ABŞ Qafqaz regionunu sabit görmək istəyir:
“Mənim bu məsələylə bağlı konkret şərhim yoxdur. Əlbəttə, biz Qafqaz regionunda sabitlikdə maraqlıyıq, bunu görmək istəyirik, iki ölkə arasında gərginliyi azaltmaq üçün həm Ermənistan, həm də Azərbaycanla işləyirik”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bu gün, oktyabrın 17-də Azərbaycanla sərhəddə, Araz...
İran İslam İnqilabı Keşikçiləri Korpusu keçən həftə Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirib. Rəsmi Tehran təlimlərin qonşulara qarşı olmadığını bəyan etsə də, bir sıra ekspertlər hərbi təlimlərin rəsmi Bakıya göz dağı vermək üçün keçirildiyini bildirirlər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Pakpurun sözlərinə görə, Azərbaycanla sərhəddə hərbi təlimlərinin keçirilməsi quru qoşunlarının döyüş qabiliyyətini artırmaq məqsədi güdür və illik plana əsasən həyata keçirilir.
İran ötən ilin oktyabrında da Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev məsələylə əlaqədar açıqlamasında İran hərbi təliminin keçirilməsini "çox təəccübləndirici" adlandırmışdı. Əliyev müsahibəsində hər bir ölkənin öz ərazisində təlim keçirə biləcəyini, bunun onun ayrılmaz haqqı olduğunu bildirsə də, İranın Cəbrayıl, Füzuli və Zəngilan bölgələrinin 30 il Ermənistanın işğalında olarkən niyə hərbi təlim keçirməməsini sorğulamışdı.
Toplum TV-nin məlumatında qeyd olunur ki, ötən ilin bu vaxtı Azərbaycanla İran arasında münasibətlər Ermənistanın bir hissəsi Azərbaycandan keçən Gorus-Qafan yolundan istifadə edən İran nömrəli nəqliyyat vasitələrinə rəsmi Bakının nəzarət etməsindən sonra gərginləşmişdi.
Həmçinin Azərbaycan Ermənistan ərazisindən Zəngilan dəhlizinin keçməsində təkid edir, İran rəsmiləri isə belə bir dəhlizə qarşı olduqlarını dəfələrlə bildiriblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər