Azərbaycan Fransaya nota verdi

Xəbərin çap versiyası
Tarix: 16-11-2022, 21:21


Bugün, noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan XİN-in məlumatına görə, Fransa Senatında noyabrın 15-də qəbul edilmiş qətnamə ilə bağlı ona etiraz notası təqdim edilib.

Bildirildiyinə görə, səfirin diqqətinə çatdırılıb ki, Fransanın bu addımı regionda sülhün bərqərar olmasına ciddi zərbə vurmaq məqsədi daşıyır, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirəcək:

"Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi, ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.”

XİN-in açıqlamasına görə, Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

Hələlik, bu məlumata Fransanın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Məclisdən Fransa rəsmilərinə sanksiya təklifi

Azərbaycan Milli Məclisi noyabrın 16-da Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxararaq qəbul edib.

Bəyanat müəlliflərinə görə, bu sənəd Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə iki ölkə arasında imzalanan müqavilənin bəndlərini pozur.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir.

Milli Məclis Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyənə qədər onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi;

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması;

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi;

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması;

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması;

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi,... və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması;

- İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamofobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması;

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkofobiya siyasətinin gündəliyə çıxarılması.


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatında "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnaməyə münasibət bildirib.

XİN hesab edir ki, qətnamə tamamilə həqiqətdən uzaqdır və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir: "Hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə öz töhfəsini vermək niyyətini açıqlamış ölkə kimi Fransanın növbəti dəfə qərəzli, birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir".

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, qətnamədə Azərbaycanın ərazilərini 30 ilə yaxın Ermənistanın işğalı, mülki əhalinin qırğınları, şəhər və kəndlərin talan edilməsi, yüz minlərlə məcburi köçkünlərin hüquqlarının tapdanması ilə bağlı faktlar göz ardına alınır:

"Qətnamədə "Dağlıq Qarabağ" adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları, təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz