Türkiyə 1-ci, Azərbaycan 8-ci yerdədir - Avropa Məhkəməsində gözləyən işlər
Tarix: 22-11-2022, 13:34
Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənən işlərin siyahısında Türkiyə birinci yerə keçib. Bu, Rusiyanın Avropa Şurasından (AŞ) çıxarılmasından sonra baş verib.
Civilazerbaijan.com bildirir ki, buna qədər baxılması gözlənən işlərin sayına görə Rusiya birinci yerdə olub.
AİHM-in ən son, 2022-ci il oktyabrın 31-də açıqladığı məlumata görə, Türkiyə baxılması gərəkən 19 min 850 işlə ilk yerdədir. İkinci yerdə Rusiya gəlir. Bu ölkədən gələn baxılması gərəkən şikayətlərin sayı 17 min 50-dir.
10 min 750 işlə Ukrayna 3-cü, 4 min 950 işlə Rumıniya 4-cü, 3 min 850 işlə İtaliya 5-ci, 2 min 850 işlə Yunanıstan 6-cı, 2 min 600 işlə Polşa 7-ci yerdədir.
Azərbaycan isə sıralamada 8-ci yerdə qərarlaşıb. Ölkədən göndərilən və qərar gözləyən işlərin sayı 2 min 200-dür. Azərbaycandan sonra, 9-cu yerdə 1700 şikayətlə Serbiya, 10-cu yerdə isə 1250 işlə Ermənistan gəlir.
“Aihmaz.org” yazır ki, Azərbaycandan AİHM-ə göndərilən, baxılmasını gözləyən şikayətlərin sayında artım tempi müşahidə olunur. Baxılmasını gözləyən 2200 ərizə əvvəlki illərin rəqəmləri ilə müqayisədə çoxdur. Sayt yazır ki, 2021-ci ilin sonunda Azərbaycandan göndərilmiş 2092, 2020-ci ilin sonunda 2040, 2019-cu ilin sonunda isə 1950 ərizə baxılmasını gözləyib.
Göstərici üzrə Avropa Şurasına üzv ölkələr sıralamasında 8-ci olmaq qərar gözləyən işlərin artdığının göstəricisidir.
Türkiyənin durumuna gəlincə, bu ölkədən göndərilmiş 19 min 850 ərizə AİHM-ə daxil olmuş, icraata qəbul edilmiş ərizələrin hamısının 26,3 faizi deməkdir.
Meydan TV-nin məlumatıına görə, yerdə qalan 37 Avropa Şurası ölkəsinin payına düşən şikayətlərin birlikdə sayı isə 8 min 300-dür.
Ümumi mənzərə isə belədir: AİHM-ə daxil olan şikayətlərin sayında artım var. Hazırda məhkəmə qarşısında ümumilikdə 75 min 350 şikayət baxılmasını gözləyir.
2021-ci ilin sonunda bu rəqəm 70 min 150, 2020-ci ilin sonunda isə 62 min ərizə olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər