DTX rəis müavini: Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə hərbi texnika daşınır
Tarix: 24-11-2022, 13:39
Bakı və Yerevan arasında münasibətlərin normallaşmasına Ermənistandakı revanşist qüvvələrin aktiv fəaliyyəti, bu ölkənin hərbiləşdirilməsi və maliyyə imkanlarından artıq silahların alınması, sülh müqaviləsinin imzalanmasının hər vəchlə yubadılması mane olur.
Civilazerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Ceyhun Şadlinski cümə axşamı Azərbaycan Təhlükəsizlik Şurasının təşkil etdiyi konfransda söyləyib.
Təhlükəsizlik Şurasının məlumatında deyilir ki, Şadlinski “Rusiya sülhməramlılarının yerləşdiyi ərazidən silahların daşınması, hərbi təxribatlar üçün şəraitin yaradılması” faktlarını da qeyd edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat- pozuculuq fəaliyyətinin qarşısının alınmasına dair tədbirlərə toxunub.
Öz növbəsində müdafiə naziri Zakir Həsənov 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialının artırılması, yeni hərbi hissələrin yaradılması, ordunun müasir hərbi texnika və avadanlıqla təchiz edilməsi üzrə islahatlardan danışıb.
Turanın xəbərində qeyd olunur ki, konfrans noyabrın 25-də davam edəcək, hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər məsələlər müzakirə olunacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər