Ruben Vardanyandan rəsmi Bakının onun getməsi üçün təzyiq etməsi haqqında İDDİA
Tarix: 19-12-2022, 13:53
Qarabağdakı separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan iddia edir ki, Azərbaycan onun çıxıb getməsi üçün çox ardıcıl şəkildə, addım-addım çaxnaşma yaratmağa və Qarabağ xalqına təzyiq göstərməyə çalışır.
Civilazerbaijan.com bildirir ki, bur barədə Vardanyan həftəsonu Qarabağda yerli sakinlərlə görüşündə vurğulayıb.
“Onlar bunu xüsusi strategiya ilə, ölkəmizi hissələrə parçalamaqla, ‘salyami taktikası’ ilə edirlər”, deyə Ruben Vardanyan söyləyib.
"Blokada, humanitar böhran"
Artıq bir həftədən çoxdur azərbaycanlı fəallar Xankəndi-Laçın yoluna yığışaraq Qarabağdakı mədənlərin qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər. Qarabağdakı rejim humanitar fəlakətdən danışır, ancaq Azərbaycan XİN yolun humanitar keçid üçün açıq olduğunu deyir.
Vardanyan hazırda ciddi informasiya müharibəsi getdiyini söyləyib.
"Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, bu, ekoloji problemdir. Ancaq reallıq budur ki, bu, blokada, humanitar böhrandır", – Vardanyan bildirib. Onun iddiasına görə, Azərbaycan Qarabağın erməni əhalisinin çıxıb getməsini istəyir, "ancaq bu, yolverilməzdir".
Aksiya davam edir
AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) yazır ki, özlərini ekoloji fəallar adlandıran azərbaycanlılardan ibarət qrup artıq səkkizinci gündür Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizini bağlayıb.
Ermənistan rəsmiləri daha öncə Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağdakı erməniləri təcrid vəziyyətinə salmaq cəhdində suçlayıb. Rəsmi Bakı ittihamları rədd edib.
Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, R.Vardanyan daha öncə özünü Bakı ilə danışıqların tərəfi, "Qarabağ ermənilərinin elçisi" kimi gördüyünü dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmüş milyarderin Moskvadan aydın gündəliklə göndərildiyini deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər