Vasif Talıbov istefa verib
Tarix: 21-12-2022, 21:44
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun bu qərarı Ali Məclisin iclasında verdiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, məlumatı İctimai Televiziya yayıb. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni sədrinin kim olması barədə məlumat yoxdur.
Bir müddət əvvəl Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad olunduğu haqda məlumat yayıldı.
Unversitetin saytında Seymur Talıbov barəsində məlumat silindi.
Beləliklə, bölgədə sərt avtoritar rejim quran "Naxçıvan xanı", nəhayət ki, siyasi səhnədən gedib, Turanın məlumatında qeyd olunur.
Bu avtokratın hakimiyyətdə olduğu 27 il ərzində Naxçıvanda müxalifət tamamilə məhv edilib, regionda əhali qalmayıb. Bütün iqtisadiyyat və biznes Talıbovlar sülaləsinin əlində idi. Yerli əhaliyə ciddi nəzarət olunurdu və onlar sıxışdırılırdı.
Son bir neçə həftə ərzində Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda bir sıra əməliyyatlar keçirib, ona yaxın dövlət məmurunu dələduzluq və mənimsəmə ittihamı ilə həbs edib. Dövlətdən oğurlanmış vəsaitin ümumi məbləği 488 mln. manat (təxminən 287 mln. dollar) olaraq qiymətləndirilib.
Talıbov rejiminin fərqləndirici xüsusiyyəti Bakı nümayəndələrinə, o cümlədən dövlət məmurlarına tamamilə məhəl qoyulmaması idi. Bu etinasızlıq nazirlərə və güc qurumlarının nümayəndələrinə də şamil olunurdu.
Göründüyü qədər, yaxın günlərdə Talıbovlar sülaləsinin qanunsuz əməllərini və korrupsiyalarını ifşa edən yeni faktlar açıqlanacaq.
Meydan TV-nin məlumatında qeyd olunur ki, Vasif Talıbov 1960-cı ildə Şərur rayonunda anadan olub.
O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon Xalq Maarif Şöbəsində başlayan Talıbov Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor və xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi olub.
O, 1995-ci ildə YAP-nın Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib.
V.Talıbov I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı olub.
V.Talıbov 2010-cu ildə “Şöhrət”, 2 il əvvəl isə “Şərəf” ordenləri ilə təltif edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər