AİHM Laçın dəhlizi ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub
Tarix: 22-12-2022, 12:58
Dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın dəhliziylə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Məhkəmə Azərbaycanın tibbi yardıma ehtiyacı olan ağır xəstələrin dəhlizdən Ermənistana aparılmasının təmin olunmasından ötrü gərəkən bütün tədbirləri görməsini istəyir. Məhkəmə qərarında həmçinin yolda sığınacaqsız qalmış, yaxud yaşam üçün vasitələrə ehtiyacı olanların təhlükəsiz keçidini təmin etmək öhdəliyi qoyulur.
Civilazerbaijan.com bildirir ki, bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” Ermənistanın beynəlxalq-hüquq məsələləri üzrə təmsilçisinə istinadla yazır.
Ermənistan Laçın yolunun bağlanması ilə əlaqədar məhkəməyə müraciət etmişdi. Dinc əhalinin hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə Azərbaycana münasibətdə təminedici addımlar atılması istənilmişdi.
AİHM bu tələbi cavablandırmaq üçün Azərbaycana dekabrın 19-dək vaxt vermişdi.
Mübahisəli məsələlər
Azərbaycanın Qarabağ regionuyla Ermənistanı birləşdirən Laçın dəhlizinin dekabrın 12-dən bağlandığı bildirilir. Bir qrup azərbaycanlı fəal yolda ekoloji tələblər səsləndirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Azərbaycan XİN yolu etirazçıların deyil, Rusiya sülhməramlı kontingentinin bağladığını bildirib.
Azərbaycan dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirsə də, Qarabağdakı separatçı rejim böhran və blokadanın davam etdiyini deyir.
“Azatutyun” məhkəmənin qərarına istinadla yazır ki, məhkəmə hazırda Laçın dəhlizinə Azərbaycanın nəzarət etməsinin, eyni zamanda Azərbaycanın 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatının 6-cı maddəsini üzrə öhdəliyinin mübahisəli olduğunu qeyd edir. Həmin maddədə Laçın dəhliziylə hər iki tərəfə fərdlərin, nəqliyyat vasitələri və məhsullarının hərəkətinin təhlükəsizliyinin təminatına zəmanət verilib. AİHM bu kontekstdə Avropa konvensiyası çərçivəsində götürülmüş öhdəlikləri xatırladıb.
Azərbaycan AİHM-in bu qərarına, hələlik, münasibət açıqlamayıb.
2020-ci ilin atəşkəs bəyanatı ilə 44 günlük hərbi əməliyyatlar dayandırılıb, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.
Azərbaycan da AİHM-də iddia qaldırıb
Azərbaycan da öz növbəsində AİHM-də Ermənistana qarşı iddia qaldırıb. Rəsmi Bakı Yerevanı Laçın rayonunda azərbaycanlıların əmlakını dağıtmaqda ittiham edir, “azərbaycanlıların hüquqlarının kobud şəkildə pozuntularına” görə dəymiş ziyanın kompensasiya olunmasını tələb edir.
XİN bildirib ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib. Qurum qeyd edir ki, sözügedən ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan hökuməti bu genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb.
Yeni aşkarlanmış dəlillərə istinadla Ermənistan silahlı qüvvələrinin tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam etdiyi vurğulanır. 2020-ci il atəşkəs bəyanatının pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minaladan istifadə olunduğu bildirilir.
“Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir”, – XİN vurğulayır.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər