Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib

Xəbərin çap versiyası
Tarix: 22-12-2022, 13:53


Anar Kərimov Azərbaycan Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev bu gün, dekabrın 22-də sərəncam imzalayıb.

Civilazerbaijan.com
bildirir ki, prezident onu bu vəzifəyə təqribən 2 il əvvəl, 2021-ci il yanvarın 5-də təyin etmişdi.

Dövlət başçısının başqa bir sərəncamı ilə isə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Yeni mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da A.Kərimliyə həvalə edilib. O, buna qədər Bakıda Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsini tutub.

Mədəniyyət Nazirliyində əməliyyat keçirilmişdi

Bu il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi bildirilmişdi. Onda nazirin birinci müavini (artıq keçmiş) Elnur Əliyevin təqsirləndirilən şəxs qismində tanındığı açıqlanmışdı. Ona xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi ittihamlar verilib. DTX-nın əməliyyatı nəticəsində saxlanan nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov isə Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs edilmişdi.

İttihamlara onların və vəkillərinin münasibətini öyrənmək, hələlik, mümkün olmayıb.

DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, nazir müavini Rafiq Bayramov, nazirliyin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunmuşdu. Rüşvət ittihamı ilə məhkəmə qarşısına çıxarılan Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il həbs cəzası kəsilsə də, apellyasiya məhkəməsi bu müddəti 4 il 6 aya endirdi. Lakin Bayramov rüşvət ittihamını qəbul etmirdi.

5 milyondan artıq mənimsəmədə - mədəniyyət abidələri və s. qurumların təmir-bərpasına ayrılan vəsaitlərin yeyintisində suçlanan Sultanov isə özünü qismən təqsirli bilirdi. Ona kəsilmiş 11 illik həbs cəzasını da apellyasiya məhkəməsi 5 il 6 aya endirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz